Taliban hökuməti Əfqanıstanda ibtidai sinif şagirdləri istisna olmaqla, bütün məktəblərin qızlar üçün bağlı qaldığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Bakhtar News xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, ötən ilin avqust ayında Taliban ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan məktəblərində tədrisi dayandırıb. Sentyabrın ortalarında təhsil prosesi bərpa olunsa da, bu, oğlanlar üçün şamil edilib.
Yanvarda radikal hərəkatın nümayəndəsi Zəbiullah Mücahid bildirmişdi ki, radikal hərəkat yeni dərs ilinin əvvəlindən – yəni martın 21-dən sonra qızların Əfqanıstanda bütün məktəblərə getməsinə icazə verməyi planlaşdırır.
Tələbələrin martın 23-dən hazırlığa başlayacağı gözlənilirdi. Bununla belə, Taliban Təhsil Nazirliyi bu gün məktəblərin qızlar üçün bağlı qaldığını bildirib. Dərslərdə yalnız 6-cı sinfə qədər olan tələbələr iştirak edə bilər.
“İslam qanunlarına uyğun olaraq hərtərəfli plan tərtib olunarsa və əfqan adət-ənənələrinə uyğun olaraq rəhbərliyə göstərişlər verilərsə, qızlar üçün orta məktəblər və liseylərin qapıları açıla bilər”, – Təhsil Nazirliyinin açıqlamasında deyilir.
Sevinc Paşayeva,
KONKRET.az