Ukraynaya təcavüzdən sonra Rusiya sanksiyalara məruz qaldı. Müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların qadağaları siyahısında idman yarışları da var. Beynəlxalq idman federasiyaları Rusiya idmançılarının Avropa və dünya çempionatlarında, olimpiya oyunlarında iştirakına qadağa qoydu.
KONKRET.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bu müddət ərzində dəfələrlə rusların olimpiya bayrağı altında keçiriləcək yarışlara buraxılmayacağını bildirib. BOK-un almaniyalı prezidenti Rusiyanın siyasi sanksiyalara məruz qaldığı sistemdən kənar beynəlxalq yarışlar keçirmək niyyətinə növbəti dəfə hücum edib: “Dünya idmanının muxtariyyəti təhlükə altındadır. Müxtəlif siyasi qüvvələr beynəlxalq federasiyaların funksiyalarını öz üzərinə götürməyə çalışırlar. Bəziləri hansı idmançıların hansı turnirlərdə iştirak edə biləcəyinə qərar vermək istəyir və yarışların harada keçiriləcəyini diqtə etməyə çalışırlar. Bütün bunlar beynəlxalq idmanın dövlət tərəfindən ələ keçirilməsi deməkdir. Əgər onlar uğur qazansalar, beynəlxalq federasiyaların və olimpiya hərəkatının rolu əhəmiyyətsiz olacaq”.
Tomas Baxı daha çox özündən çıxaran 2024-cü ildə Rusiyada keçirilməsi planlaşdırılan “Dostluq Oyunları”dır. BOK prezidenti bunu Olimpiya Oyunlarına təhlükəli alternativ hesab edir. Rusiyada isə hesab edirlər ki, dünya idmanı BOK çərçivəsindən çıxmalıdır. Rusların fikrincə, BOK dünya idmanını manapoliya altında saxlamaqla məşğuldur.
Xatırladaq ki, Olimpiya proqramına hazırda qırx idman növü daxildir. Bunların otuz ikisi Yay Olimpiya Oyunlarının, qalan səkkizi isə Qış Olimpiya Oyunlarının proqramında yer alan idman növləridir. Ruslar isə bildirirlər ki, dünyada mövcud olan iki yüz idman növünün yüz əllidən çoxu Rusiyada inkişaf etdirilir.
Elə idman növləri var ki, formal olaraq Olimpiya proqramına daxil edilib, amma elə növlər də var ki, onilliklərdir bu fürsəti gözləyir. Həmin idman növləri arasında sambo və Rusiyada populyar olan digər idman növləri də var. Sambo dünyada ən populyar idman növü olsa da, BOK-un ikili yanaşması səbəbindən Olimpiya proqramına daxil ediməyib.
Şahmatın “qızıl dövrü”, ümumiyyətlə, BOK ilə qarşılıqlı əlaqənin olmadığı bir dövrə təsadüf edib.
Üstəlik, qrossmeysterlər Beynəlxalq Şahmat Federasiyası sistemindən kənarda titul uğrunda çıxış ediblər. Amerikanın idman liqalarının BOK-la heç bir əlaqəsi olmasa da, həm Bax, həm də beynəlxalq federasiyalar onlara xüsusi qayğı göstərir. Hələ 1985-ci ildə Fidel Kastro demişdi: “Olimpiya hərəkatı müstəmləkəçilik dövründə yaranıb. Onun bir çox metodlarının, üslubunun, konsepsiyalarının kökündə müstəmləkə dövrünün köhnəlmiş ideyaları dayanır. Biz əslində müstəmləkə deyilik, artıq idman sahəsində nə etməli olduğumuzu bizə məsləhət verəcək qraflara, markizlərə, milyonçulara ehtiyacımız yoxdur… Olimpiya hərəkatı yenidən qurulmalı, dəyişdirilməlidir, çünki işlər belə davam edə bilməz”.
İndi ruslar dilxordur ki, qırx il əvvəl Kuba liderinin təşəbbüsü dəstəklənməyib. Düzdür, o vaxt SSRİ rəhbərliyi Olimpiya Oyunlarına az qala alternativ yarış da düşündü və adını da Xoşməramlı Oyunlar qoydu. Amma BOK-un o vaxtkı prezidenti Xuan Antonio Samaranç BOK-u bu böhrandan çıxara bildi. İndi sanki tarix təkrarlanır və Rusiya ilə BOK yenə üz-üzə dayanıb.
Vəli Həsənov,
KONKRET.a