TƏCİLİ: Arutyunyan ölkədəki rus qoşunları ilə bağlı mühüm detalları açıqladıbackend

TƏCİLİ: Arutyunyan ölkədəki rus qoşunları ilə bağlı mühüm detalları açıqladı

Son dövrlərdə sosial şəbəkələrin erməni seqmentində Rusiya sərhədçilərinin Ermənistan ərazisində olmasının qeyri-qanuni olması ilə bağlı məlumatlar yayılmağa başlayıb.

İlkin olaraq Ruzanna Avaqimyanın müəllifi olduğu “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin saytında bu mövzuda böyük mətn dərc edilib və o iddia edir ki, Müstəqillik Bəyannaməsinin 5-ci bəndinə əsasən, digər ölkələrin hərbi birləşmələri, onların hərbi baza və tikililər Ermənistan Respublikasının ərazisində yalnız Parlamentin Ali Şurasının (Parlament – red.) qərarı ilə yerləşdirilə bilər.

Daha sonra bu məlumatlar müxtəlif erməni teleqram kanallarında tirajlanmağa başladı. Həmin məqalələrdə Ermənistan parlamentinin ölkə ərazisində Rusiya sərhəd qoşunları haqqında sazişi heç vaxt ratifikasiya etməməsi vurğulandı. Rusiya sərhədçilərinin həm Ermənistan-İran, həm də Ermənistan-Türkiyə sərhədində fəaliyyəti bu baxımdan qeyri-qanuni sayılır. Məsələ burasındadır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının əvəzinə Ermənistanın dövlət sərhədini keçən vətəndaşların pasportlarını ruslar yoxlayır. Bu isə sosial şəbəkələrdə nədənsə 30 ildən sonra müzakirə edilməyə başlayıb.

KONKRET.az xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan bildirib ki, Rusiya sərhədçilərinin Ermənistan ərazisində mövcudluğunun qeyri-qanuni olması ilə bağlı iddialar məsələnin siyasi tərəfidir. Hüquqi baxımdan isə əsassızdır.

Arutyunyan etiraf edib ki, bu sənədi Ermənistanın baş naziri (1992-1993-cü illər – red.) olanda şəxsən imzalayıb. “Və o vaxt mövcud qanun hökumətə bəzi müqavilələri parlamentin ratifikasiyası olmadan qüvvəyə minməsinə icazə verirdi – bu, birincisi. İkincisi, siz razılaşmalısınız ki, baş nazir bütün hüquqi incəlikləri başa düşə bilməz və buna məcbur deyil. Hökumət başçısının bütün aparatı bunda məsuliyyət daşıyır”, – deyə siyasətçi qeyd edib.

Keçmiş baş nazir vurğulayıb ki, bu məsələ bir vaxtlar səlahiyyətli hüquqşünaslar tərəfindən araşdırılıb. Nəsə baş versəydi, onda müəyyən xəbərdarlıqlar edərdilər ki, cənab Baş nazir, bu sənəd müəyyən prosedurlardan keçmədiyi üçün istifadə oluna bilməz. “Bu barədə mənə deyilməyib və ona görə də mənim tərəfimdən imzalanmış bu sənəd Ermənistanda o vaxt imzalanan digər qanunlara zidd deyil. Hüquqi qüvvə baxımından sənəd bu tələblərə tam cavab verir”, – deyə Arutyunyan qeyd edib.

“Yaddaşım məni aldatmırsa, Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisində mövcudluğu statusu məsələsi 1994-cü ildə yenidən qaldırılıb. Sənəd bütün zəruri prosedurlardan yenidən keçib. Beləliklə, kimsə Rusiya Sərhəd Qoşunlarının Ermənistanda qalma statusunun hüquqi əsaslarını anlamaq istəsə, 1994-cü ildə bağlanan müqaviləyə nəzər yetirməlidir. Beləliklə, Ermənistanda Rusiya Sərhəd Qoşunlarının statusu mənim 1992-ci ildə imzaladığım sənədlə deyil, Rusiya ilə Ermənistan arasında bağlanan sənədlə müəyyən edilir”.

Onun fikrincə, bu cür informasiyalar sosial şəbəkələrdə heç vaxt hökumətlə əlaqəsi olmayan qeyri-hökumət təşkilatının təsadüfi nümayəndəsi tərəfindən dövriyyəyə buraxılıb. “Ona görə də mən bu cür münasibətə ciddi fikir verməzdim, xüsusən ona görə ki, Rusiya Sərhəd Qoşunlarının Ermənistan Respublikası ərazisində mövcudluğu statusu Ermənistan və Rusiya arasında bütün dövrlərdən keçmiş razılaşma ilə müəyyən edilir”, – deyə siyasətçi yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya Federasiyası FTX-nin Ermənistandakı sərhəd idarəsinə 4 sərhəd dəstəsi daxildir: “Gümrü, Armavir, Artaşat və Meqridə, həmçinin İrəvan Zvartnots Beynəlxalq Hava Limanında ayrıca keçid məntəqəsi. Rusiya sərhədçilərinin Ermənistanda saxlanması iki dövlətin hökumətləri tərəfindən təxminən bərabər şəkildə təmin edilir. Yalnız Rusiya vətəndaşlarının xidmət etdiyi Rusiya hərbi bazasından fərqli olaraq, Ermənistan vətəndaşlarının Rusiya Federasiyasının sərhəd qoşunlarında xidmət etmək hüququ var”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*