Azərbaycanda güzəştli pensiya hüququna malik insanların dairəsi məhduddur və əsasən xüsusi kateqoriyalara şamil edilir. Bəs, güzəştli pensiyanı kimlər ala bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, güzəştli təqaüdlər sosial müavinətlər kateqoriyasına daxil olmaqla yanaşı, bəzi xüsusi sahələrdə çalışanlara da şamil olunur.
“Zərərli və ağır iş şəraitində çalışanlar, o cümlədən hərbiçilər, habelə iş ilinin bir neçə il kimi hesablandığı peşə sahibləri daha tez pensiyaya çıxmaq hüququ qazanırlar. Bu kateqoriyaya daxil olan şəxslərin pensiya stajı daha sürətli hesablandığı üçün onlar ümumi qaydadan əvvəl təqaüd hüququ əldə edirlər”
Cəfərli qeyd edib ki, hazırda çoxuşaqlı analarla bağlı güzəştli pensiya mexanizmi də mövcuddur.
“Beş və daha çox uşağı olan analar daha erkən yaşda pensiyaya çıxa bilirlər. Yaxın zamanlarda bu sayın 3 uşağa endirilməsi ilə bağlı müzakirələr aparılır və bununla əlaqədar yeni qərarların qəbul olunması istisna edilmir”.
Ekspert bildirib ki, bu güzəştlərdən yararlananların sayı çox böyük deyil və güzəştli pensiya hüququ yalnız məhdud kateqoriyalara şamil olunur.
Aynurə İsmayıl
KONKRET.az

