Bir neçə gün bundan öncə belə bir xəbər tirajlanmışdı: “Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verilib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri təyin olunub”. Bu tip xəbərləri mən heç vaxt normal qəbul etməmişəm. Niyəsi isə çoxdur.
Birincisi, belə təyinatlar əsasən peşəkar yanaşmaya görə yox, şəxsi münasibətlərə görə olur. Məni də təsirləndirən odur ki, nə vaxtadək bizdə məmurun oğlu məmur, mollanın oğlu molla olacaq? Bu kiflənmiş stereotipdən nə vaxt qurtulacağıq?
İkincisi, nə vaxtadək atın qabağına ət, itin qabağına ot qoyacağıq? Məsələn, Kamal müəllimin oğlunun ixtisası ƏƏSMN-ə qətiyyən uyğun gəlmir. Pedaqoq hara, sosial müdafiə hara? Qətiyyən uzlaşmır. Amma nə olsun? Yəqin ki, Kamal müəllimin oğlu üçün bu vəzifə tramplin olacaq. Beş gündən sonra hörmətli hüquq üzrə fəlsəfə doktorumuz daha ranqlı bir vəzifəyə sahib çıxacaq.
Üçüncüsü, belə təyinatlar zamanı bəzən qanundan da yan keçilir. Çünki dövlət strukturlarına işə qəbulu Dövlət İmtahan Mərkəzi həyata keçirir. Amma bəzi məmurlar dövlət sifarişinə görə yox, şəxsi istəkləri ilə Nazirliyin kadr heyətini müəyyənləşdirir. Və müqavilə yolu ilə Nazirlikdə yeni ştat vahidləri yaradılır.
Bu ştatlar isə təbii ki, sonda dövlət büdcəsinə əlavə yükə çevrilir. Məsələn, vaxti ilə vergilər naziri Fazil Məmmədovun 12-13 müşaviri, 7-8 müavini, bir o qədər də köməkçisi vardı. Deməli, vəzifə verilən adamların iş əmsalları, dövlətə və millətə verəcəyi xeyir yox, korporativ maraqlar daha çox önəm kəsb edir. Ona görə də biz nə qədər çalışsaq da, Avropalı ola bilmirik. Çünki avropalılar vəzifəni sosial məsuliyyət, əlavə stress və rəsmi həyat tərzi kimi qəbul edir. Bu gün Allahın Latviya və Litva kimi ölkələrində dövlət sektorunda kadr çatışmazlığı var. Hələ Almanyanı, İngiltərəni demirəm. Bizdə isə bunun tam əksidir.
Nazir istəyir ki, oğlu da nazir olsun. Polis rəisi də perspektivdə öz kreslosunda övladını təsəvvür edir. Mən bu yaşıma qədər görməmişəm ki, hansısa nazirin və yaxud yüksək ranqlı məmurun övladı sıravi müəllim, həkim və yaxud mühəndis işləsin. Hələ onu demirəm ki, bizim məmurlarımızın övladlarının tam əksəriyyəti hüquq fakültəsinin məzunlarıdır. (necə məzun olmaları təbii ki, ayrı söhbətin mövzusudur).
Biz vəzifə almaq üçün istənilən razılaşmaya gedirik. Biz sərbəst və rahat yaşamaqdan daha çox, oğurluq pullarla qorxa-qorxa yaşamağa daha həvəsliyik. Deməli, təfəkkürümüzdə problem var. Bu problemsə Prezident sərəncamı ilə həll olunmur. Bu mənəviyyat məsələsidir. Mənəvi təkamül olmalıdır. Üfüqdə isə belə bir şey görünmür….