“Təhsil müəssisəsində uşağa qarşı şiddət hadisəsi göstərilməməlidir”- Deputatbackend

“Təhsil müəssisəsində uşağa qarşı şiddət hadisəsi göstərilməməlidir”- Deputat

“Uşaqlara qarşı törədilən zorakılığın baş verməsini pedaqoji, təlim-tərbiyə cəhətdən qətiyyətli şəkildə pisləyir və bunun yol verilməz olduğunu vurğulamaq istəyirəm”.

KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat vurğulayıb ki, hüquqi cəhətdən bu və buna bənzər hadisələrə reaksiyanı müvafiq qurumlar verməlidir:

“Artıq Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi prosesi nəzarətə götürüb. Əminəm ki, hər biri öz səlahiyyəti çərçivəsində bu hadisəyə dair addımlar atır və atmaqdadır. Hadisə baş verib, ictimaiyyət buna dair dövlətin reaksiyasını görmək istəyir. Və bu, çox təbiidir. Hadisə baş verib və ona hüquqi prizmadan da reaksiya verilib. Lakin bu o deməkdir ki, artıq buna bənzər hadisələr baş verməyəcək? Ancaq qorxu, nəzarətin olmasından irəli gələrək hər hansı addımlar atılmalıdır? Cəza sadəcə bu neqativ hadisəyə olan reaksiyadır. Hüquq “nəticə” ilə mübarizə apara bilər, amma bunun yenidən əmələ gəlməməsi üçün qeyri-hüquq alətləri tətbiq olunmalıdır. O zaman, bu hadisələrin pedaqoji və etik cəhətlərinin vacibliyi özünü biruzə verir.

Deputat qeyd edib ki, bir çox insan zamanında buna bənzər hadisəni normal qəbul etdiyi üçün bugünkü dövrdə də bunun mövcudluğunun doğru olduğunu vurğulayırlar:

“Bundan 20-30 il əvvəl tətbiq olunan yanaşmalar bu gün də tətbiq olunarsa, demək olar ki, biz 20-30 il öncə keçmiş dövrün uşaqlarını, cəmiyyətini davamlı olaraq formalaşdıracağıq. Müəllimlər tərəfindən tətbiq edilən şiddətli addımlar necə zəmanət verə bilir ki, bu şiddət uşaqda fiziki qüsura və yaxud ömürlük travmaya səbəb olmayacaq? Və növbəti sual yaranır ki, əgər uşaq erkən yaşdan kiməsə tabe olmağın yolunun sadəcə fiziki hərəkətlərlə özünü doğrultduğunu öyrənirsə, həmin uşaq gələcəkdə öz ailəsinə, övladlarına və cəmiyyətə qarşı bunu tətbiq etməyəcəkmi? Bəlkə bu gün məişət zorakılığı zəminində yaranan problemlərin səbəblərdən biri də budur. Bütün bu hadisələri, uşaqlara qarşı törədilən zorakılığın baş verməsini pedaqoji, təlim-tərbiyə cəhətdən qətiyyətli şəkildə pisləyir və bunun yol verilməz olduğunu vurğulamaq istəyirəm”.

Ş.Seyidzadə qeyd edib ki, çox xoş haldır ki, sosial şəbəkələr belə neqativ halların üzə çıxarılmasında əlverişli şərait yaradır:

“Digər tərəfdən isə bu videoların gələcəkdə uşağın həyatına necə təsir edəcəyini təəssüf ki, heç kim nəzərə almır. Bu halların sadəcə açıq şəkildə yox, eyni zamanda müvafiq orqanlara birbaşa çatdırılmasının vacibliyi də böyükdür. Hesab edirəm ki, həm qanunvericilik, həm pedaqoji, həm də etik cəhətdən bütün bu hadisələr onu bizə bildirir ki, hələ də neqativ hallar mövcuddur. Əvvəla, hər kəs onu qəbul etməlidir ki, uşaqlara qarşı zorakılıq tətbiq olunmamalıdır. İkincisi, müvafiq olaraq dövlət strukturları hadisələri müəyyən etdikləri zaman adekvat reaksiya göstərməlidir. Yekunda, nəticə yox, səbəblərə dair lazımi olan profilaktik işlər aparılmalıdır. Yəni, bütün səylər və fəaliyyətlər nəticəni yox, səbəbi araşdıraraq onun qarşısını almalıdır. Burada heç bir şübhə olmamalıdır. Təhsil müəssisəsində uşağa qarşı mənəvi və ya fiziki şiddət hadisəsi göstərilməməlidir. Bütün bunlara baxmayaraq, son aylar bu hadisələrin tez-tez üzə çıxması heç bir müəllim, bağça, məktəb və təhsil nüfuzuna təsir etməməlidir. Neqativ istisnalar mövcuddur, amma yüz minlərlə böyük müəllim ordusu bu hadisənin nüfuz cəhətdən qurbanı olmamalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*