
Hərdən eşitdiklərinə və gördüklərinə inanmaq istəmirsən. Bəzən hadisələr elə kövrək məqamlara fokuslanır ki, baş verənləri sadəcə sıradan bir hadisə kimi qiymətləndirmək çətin olur. Ani bir məqamda, gözləmədiyi halda üzləşdiyi bədbəxt hadisə hər bir insanın həyatında dərin iz buraxır. İllər ötsə də, aldığı zərbədən özünə gələ bilmir.
Gözlənilməz bəlalar müxtəlifdir. Bunların isə ən dəhşətlisi təbii fəlakətlərdir. O təbii fəlakət ki, bizi daban-dabana izləyir. O təbii fəlakət ki, hər gün qapımızı döyür. O təbii fəlakət ki, dörd ay əvvəl qardaş Türkiyədə bir gecədə əlli min insanın həyatına son qoydu. Həmin fəlakət bu gecə hər birimizin qapısına qədər gəldi.
Sadəcə Uca Allahın insanlara rəhmi sayəsində zəlzələdən itkisiz qurtardıq. Amma gözəgörünməz “qatil” hər an yanımızdadır. Deməli, sayıqlığı əldən vermək olmaz. Eyni zamanda, təbii fəlakətlər heç nəylə müqayisə olunmur və onu nəyləsə də eyniləşdirmək doğru olmaz. Adi vətəndaşdan tutmuş, nazirə qədər hər kəs dediyi sözün, etdiyi hərəkətin fərqində olmalıdır. Həssas məqamlarda hissə toxunan hər hansı addım atılarkən bunlar nəzərə alınmalıdır. Bəzən isə əksinə olur.
Sosial şəbəklərdə müzakirə edilən bir status da bu mövzu ilə birbaşa bağlıdır. Hadisə İsraildə baş verib. İsraildə baş verib deyəndə səhv başa düşməyin. Sadəcə İsraildə qadınlardan ibarət “Neftçi” basketbol komandası beynəlxalq turnirdə qalib gəlib. Statusu da Təhsil naziri Emin Əmrullayev “Neftçi”nin çempionluğuna həsr etmək istəyib. Amma alınmayıb. Ona görə alınmayıb ki, hörmətli nazir “Neftçi”nin çempionluğuyla Bakıda baş verən zəlzələni qarışdırıb. Az qala hər iki hadisə münasibətilə xalqa gözaydınlığı verib.
Status belədir: “Neftçi” çempion oldu, Bakıda isə zəlzələ oldu” İndi gəl, başa düş.
Yüz minlərlə insanın üzləşdiyi fəlakətlə özünün bir anlıq sevincini qarışıq salan nazir sadəcə nəyin baş verdiyinin fərqində olmayıb. Emin Əmrullayevə görə, “Neftçi”nin çempionluq sevinci milyonlarla insanın bir gecədə keçirdiyi stresdən üstündür və sən demə, basketbolçuların qalib gəlməsi küçələrdə gecələyən insanlara bir təsəlli imiş. Bəlkə Emin Əmrullayev zəlzələnin nə olduğunu düzgün anlamır, bəlkə də hörmətli nazir beş ay əvvəl Türkiyədə baş verən faciədən xəbərsizdir? Nədənsə mənə elə gəldi. Yoxsa hissə qapanıb, “Neftçi çempion oldu, Bakıda zəlzələ oldu” – statusunu yazmazdı. Bakıdakı zəlzələnin “Neftçi”nin çempionluğuna heç bir aidiyyəti yoxdur. Bunlar ayrı-ayrı şeylərdir. Ölkənin təhsilinə cavabdeh olan birinci şəxs də bunları yaxşı bilir və baş verə biləcək fəlakətə biganəlik nümayiş etdirir.
Yəqin millətə gözaydınlığı verəndə, camaatı muştuluqlayanda yeni təkanların ola biləcəyi Emin Əmrullayevin ağlına belə gəlməyib. Guya gəlsəydi, nə olacaqdı ki?! Bəlkə də bu dəfə ürək-dirək verər, “Neftçi” çempion oldu, sizə heç nə olmaz” – yazardı.
Sıradan bir yarışda qələbədən bayılan nazirə çatdırın ki, o, sevincindən atılıb-düşən gün minlərlə adam isti yorğan-döşəyində deyildi. Yox, onlar bayırda “Neftçi”nin çempionluğunu bayram edib, Emin Əmrullayevin sevincinə şərik çıxmırdılar. Həmin insanlar onları haqlayacaq bəlanın rədd olub getməsi üçün Tanrıya dualar edirdilər.
KONKRET.az
Ağası gülüm olanın başına külüm olar. Təhsilimizin naziri fikrini normal şəkildə bir cümlədə ifadə etmək savadından uzaqdırsa onda onun verdiyi “təhsil”, bu təhsili alan millətin gələcəyi mütləq şəkildə debil böyüməyə məhkumdur.