Bu yaxınlarda Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxışında bildirdi ki, Azərbaycanda təhsilə ianələr edilməsinə imkan yaradıla bilər. Nazir müşavirinin bu çıxışı cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri düşünür ki, təhsildə ianələrin toplanması mövcud vəziyyətdə şəffaflıq yarada bilər, digər bir qisim isə bunu absurd hesab edir.
Mövzunu KONKRET.az-a şərh edən təhsil eksperti Namiq Məmmədov bildirib ki, fondların yaradılması, ianələrin toplanması məktəblərin nümunəvi nizamnamələrində nəzərdə tutulub:
“Azərbaycan təhsilində bu prosesi qanuni yolla tətbiq etmək lazımdır. Sirr deyil ki, əksər məktəblərdə valideynlər onsuz da başqa yollarla ianələr edirlər. Bu səbəbdən də ianə kampaniyalarının təşkil edilməsində onlar da maraqlıdır. Əksər valideynlər məktəblərdə hansısa sahənin formalaşdırılmasına, inkişafına, həmçinin imkansız, valideynini itirmiş şagirdlərə müxtəlif ianələr etmək istəyirlər. Lakin onlar pulun təyinatı, prosesin necə idarə olunacağı haqqında dəqiq informasiyaya malik olmurlar. O baxımdan hesab edirəm ki, bu istiqamətdə mexanizmin yaradılması Azərbaycan məktəblərinin həm sosial, həm də digər sahələrdə yalnız inkişafına gətirib çıxara bilər”.
Ekspert qeyd edir ki, dövlət məktəblərin əsaslı təmiri üçün kifayət qədər vəsait ayırır. Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Prezidentin Ehtiyat Fondunun xətti ilə ayrılmış vəsaitlər məktəblərin inkişafında xüsusi rol oynayır:
“Valideynlərdən toplanmış ianələr isə məktəbin gündəlik xərcləri, o cümlədən bir sıra sosial məsələləri həyata keçirilmək üçün yığılır. Azərbaycanda təhsil üçün ianələr edilməsinə imkan yaradılacağı halda pul vəsaitinin toplanmasında və xərclənməsində şəffaflığın qorunmasının təmin ediləcəyi gözləniləndir”.
Ekspertin sözlərinə görə, məktəblərdə pullar yalnız məktəb rəhbərliyi tərəfindən deyil, həmçinin sinif rəhbərləri, müxtəlif fənləri tədris edən müəllimlər tərəfindən də yığılır: “Bu prosesin qanuniləşdirilməsi belə neqativ halların qarşısını alacaq. Valideynlər qeyri-qanuni yığılan pulları ödəməkdən boyun qaçıracaq, yaradılmış bank hesablarına, fondlara pul köçürəcəklər. Yəni proses qanuni həllini tapsa, hər bir valideynə toplanmış ianələrin hara və necə xərclənməsi haqqında ətraflı məlumat verilə bilər. Hesab edirəm ki, valideynlər özləri də bu məsələlərdə aktiv iştirak edəcəklər”.
Arifə Kərimzadə,
KONKRET.az