Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ səbəbindən ölkədə təhsil distant şəkildə davam etdiriləcək. Tələbə yataqxanalarında isə zəlzələdən zərər çəkən insanlar yerləşdiriləcək.
Türkiyədə çox sayda azərbaycanlı tələbələr təhsil alır və onların demək olar ki, hamısı yataqxanalarda yaşayır. Quru sərhədlərinin bağlı və ölkəyə uçuş biletlərinin qiymətlərinin baha olması onların problem yaşayacağını deməyə əsas verir.
Belə olan halda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin Azərbaycana gəlməsi üçün güzəştlər tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı KONKET.az-a danışan millət vəkili, MM-in Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Türkiyədə təhsil alan tələbələrin ölkəmizə qayıtması üçün güzəştlərin tətbiq edilməsinə ehtiyac var:
“Təyyarə biletlərinin qiymətinin yüksək olması səbəbindən tələbələrimiz ölkəyə qayıtmaqda müəyyən çətinliklər çəkirlər. Bunu Türkiyədə baş verən son hadisə bir daha göstərdi. Bu səbəbdən çoxlu sayda tələbə qış tətilini təhsil aldıqları ölkələrdə keçirirlər.
Bu gün Türkiyədə baş verən zəlzələ ilə əlaqədar universitetlər distant tədrisə keçir və orada təhsil alan tələbələrimizin bir qismi tətil müddəti olduğu üçün Vətənə qayıtmışdı. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar, lazımlı əşyaları var ki, biletlərin baha olması ilə əlaqədar qayıdıb götürə bilmirlər.
Hesab edirəm ki, tələbələr üçün sırf təhsillə bağlı müəyyən güzəştlərin olması məqsədəuyğundur və buna ehtiyac var”.
Millət vəkilinin sözlərinə görə, aidiyyəti qurumlar bu sahədə araşdırma aparıb, müvafiq qurumlara təkliflərini təqdim etməlidir:
“Bu gün quru sərhədlərinin açılması gündəlikdə deyil. Zamanla dövlət bu məsələyə baxacaq. Bütün dünya ölkələrində olduğu kimi, ölkəmizdə də bu istiqamətdə müəyyən addımlar atılmalı, sistem hazırlanmalıdır. Əksər ölkələrdə tələbələr üçün nəqliyyatda güzəştlər var, bu güzəştlər həm ölkədaxili, həm də xarici səfərlər üçün nəzərdə tutulur.
Bu gün ölkə rəhbərliyinin təhsilimizə böyük diqqət və qayğısı var. Aidiyyəti qurumlar bu sahədə araşdırma aparıb, müvafiq qurumlara təklif təqdim etməlidirlər. Bu, vətəndaşlar tərəfindən dövlətimizin təhsilimizə qayğısının növbəti bariz təzahürü kimi qiymətləndiriləcək”.
Fidan Ali,
KONKRET.az