Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Azərbaycanda ictimai nəqliyyatdan istifadə edən azyaşlılar və tələbələr üçün gediş haqqının yarısının, yəni 25 qəpik müəyyən edilməsi barədə təkliflərə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, sədr müavini pravda.az-a deyib ki, Azərbaycanda beş yaşadək uşaqlar üçün ictimai nəqliyyatdan istifadə pulsuzdur.
“Beş yaşadək məktəbəqədər hazırlığa və məktəbə gedən uşaqlar, eləcə də tələbələr üçün əlavə güzəştlər nəzərdə tutulması olduqca məqsədəmüvafiq olar. Bu, beynəlxalq təcrübədə də var. Dünya təcrübəsində belədir ki, həm məktəb yaşlı uşaqlar, həm də tələbələr üçün nəqliyyatdan istifadə məqsədilə aylıq və illik güzəştli şərtlərlə abonomentlər verilir. Bu abonomentlər onların avtobuslardan, eləcə də metrodan istifadə etmələrinə şərait yaradır. Bu qaydanın ölkəmizdə tətbiqi olduqca müsbət qarşılanar, ailələrin büdcəsinə əlavə yardım olar. Tələbələr də büdcələrinə qənaət etmiş olarlar”.
Qeyd edək ki, yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gedişhaqqı mexanizmlərinin tətbiqi mümkün olacaq.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bugünkü reallıqda gedişhaqqının 25 qəpik olması mümkün deyil: “İctimai nəqliyyat fondu yaradıldıqdan, bu fondda müəyyən məbləğ cəmləşdikdən, daşıyıcılarla “Brutto” müqaviləsi imzalandıqdan sonra gələcəkdə müəyyən həssas qruplar üçün güzəştlər tətbiq edilə bilər. Müxtəlif gedişhaqqı paketlərinin – günlük, həftəlik, aylıq, illik paketlərin tətbiqi də gündəmə gələ bilər. Bunun üçün yeni sistem qurulmalıdır. Yeni sistemin əsas bazası isə cənab Prezidentin fərmanıdır ki, əsas məqsədlərə nail olduqdan sonra güzəştli gedişhaqqı məsələsinə baxıla bilər. Düşünürəm ki, həssas qruplara güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olar”.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, hər gün nəqliyyatdan istifadə edən sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri olmalıdır: “Bu biletləri alan vətəndaşlar üçün fərqli tariflər müəyyən edilməlidir. Əgər bir günlük bilet alınırsa və gün ərzində dəfələrlə nəqliyyatdan istifadə edilirsə, bunun qiyməti, məsələn, 2 manat ola bilər. Aylıq biletlər, təxminən 30 manat, altı aylıq biletlər 140 manat, illik biletlər isə 220 manat ola bilər. Belə sistem Avropa ölkələrində tətbiq olunur və sərnişinlər üçün həm daha sərfəli, həm də rahatdır. Nəqliyyat şirkətlərinə də bu sistem sərfəlidir, hər dəfə öncədən pul almaqla, öz problemlərini, borc-xərclərini həll edə bilərlər. Bundan başqa, şagird, tələbə və təqaüdçülər üçün ad-soyada bağlı kartlar olmalıdır, qiyməti isə normal qiymətlərdən azı 2 dəfə ucuz olmalıdır, məsələn, tələbə, şagird, təqaüdçü cəmi 100 manat (altı aylıq 55 manat) ödəməklə il ərzində ictimai nəqliyyatdan məhdudiyyətsiz istifadə haqqı qazanmalıdır. İldə 2-3 dəfə səs-küy salıb nəqliyyatda gedişhaqqından danışıb, sonra artırırlar, amma bu qiymət artımı keyfiyyəti dəyişmir, müştəri məmnuniyyəti yaratmır”.
Hüquqşünas Ərşad Hüseynovun fikrincə, yeni mexanizm sürücü rəqabətini aradan qaldıracaq: “”Tarif menyusu” modeli, yəni aylıq və illik paketlər, bir neçə marşrut üzrə vahid biletlərin tətbiqi gündəmdədir. İctimai nəqliyyat sırf kommersiya məqsədli fəaliyyət deyil. Bu, sosial əhəmiyyət daşıyan sahədir və hər kəs üçün əlçatan olmalıdır. Əlçatanlıq isə sərfəli gedişhaqqı, dayanıqlı və keyfiyyətli xidmət deməkdir. İndiyə qədər biz bu sistemin effektiv fəaliyyətini görə bilmirdik, çünki əsas maliyyələşmə mənbəyi məhz sərnişinlərdən toplanan gedişhaqqı idi. Bu səbəbdən də daşıyıcılar sərnişin uğrunda mübarizə aparır, yeni avtobusların alınmasında çətinliklər yaşayırdılar. Ancaq dövlət dəstəyi ilə bu problemlərin həlli real və mümkün olacaq. Yeni sistemin əsas mahiyyəti ondan ibarətdir ki, yanacağın üzərində olan yol vergisinin bir hissəsi ictimai nəqliyyat fonduna yönəldiləcək”.