Rusiya sülhməramlılarının özbaşınalığına və Azərbaycanın monitorinq qrupunun Xankəndiyə daxil olmasının qarşısının alınmasına görə vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın dəhlizindəki etirazları davam edir. Artıq bir neçə saatdır ki, azərbaycanlı etirazçılar Rusiya sülhməramlı kontingentinin komandanı Volkovun əraziyə gəlməsini tələb edirlər. Lakin hələlik Volkov Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin qarşısına çıxmaq istəmir. Aksiya iştirakçıları isə tələbləri yerinə yetirilənədək etirazları davam etdirəcəklərini bildirirlər.
Hazırda Laçın dəhlizində olan hərbi ekspert Telman Qasımov KONKRET.az-a açıqlamasında 4 saata yaxındır ki, Azərbaycan ictimaiyyətinin, QHT nümayəndələrinin, tələbələrin, media mənsublarının Laçın-Xankəndi yolunu bağladığını və orada çadırlar qurduğunu deyib: “Rusiya sülhməramlı kontingentinin komandanı Volkovun bizimlə görüşməsini tələb edirik. Burada ekoloji məsələlərlə bağlı problemlərimizi Volkovun diqqətinə çatdırmaq və sərvətlərimizin talanmasının qarşısını almaq tələbini qoymuşuq. Təəssüf ki, Volkov hələ bu əraziyə gəlməyib. Yəqin ki, gəlmək fikri də yoxdur. Əksinə öz tabeçiliyində olan aşağı rütbəli zabitləri bura göndərir. Onlar isə bizimlə söhbət etmirlər və cavab vermirlər. Ancaq pulemyotlarla bizim qarşımızı kəsirlər. Əli silahsız insanların qarşısına sülhməramlılar niyə pulemyotla çıxır?. Ən azı üç yerdə pulemyotlarla post qurmuşdular. Buna dərhal etirazımızı bildirdik. Bundan sonra silahları postlardan götürdülər. Amma arxa tərəfdən BTR-lərlə bizi mühasirəyə alıblar. Biz onlara iradımızı bildirdik, sülhlə gəldiyimizi və Volkovla danışmaq istədiyimizi bəyan etdik. Bundan sonra müəyyən qədər yumşaqlıq müşahidə edildi. Ancaq hazırda da Rusiya sülhməramlıları ilə üz-üzə dayanmışıq”.
Telman Qasımov əlavə edib ki, Volkov gəlməyənə qədər etirazlar davam edəcək: “Çadırlarımız qurulub, əgər bir-iki saat ərzində tələblərimiz yerinə yetirilməsə, bu zaman biz aclıq aksiyasına keçəcəyik. Hazırda burada yalnız vətəndaş cəmiyyətinin üzvləridir, yəni hamısı mülki vətəndaşlardır. Süıhməramlıların arasında isə ermənilər də var. Amma biz onları ifşa etdikdən sonra sülhməramlılar erməniləri tamamilə uzaqlaşdırdılar. Hər hansı bir zorakılıq isə müşahidə edilməyib. Bəzi məqamlarda bizə qarşı kobudluq etmək istəsələr də, cavablarını aldılar”.
Müşviq Tofiqoğlu,
KONKRET.az