Tələskənliyin ağır bədəli: Keçidin altında qatar vurdu — AÇIQLAMAbackend

Tələskənliyin ağır bədəli: Keçidin altında qatar vurdu — AÇIQLAMA

Bakıdan Sumqayıt istiqamətinə gedən sürət qatarının yolu piyada üçün son mənzilə çevrilib. Hadisə birbaşa yerüstü piyada keçidinin altında qeydə alınıb və piyada aldığı ağır xəsarətlər nəticəsində elə relslərin üzərindəcə həyatını itirib. Bu hadisə həm təhlükəsizlik tədbirlərini, həm də qəza zamanı məsuliyyətin kimin üzərinə düşməsi ilə bağlı ciddi sualları yenidən gündəmə gətirib.

KONKRET.az xəbər verir ki, hadisənin şahidi olan sakinlərin sözlərinə görə ərazidə qoruyucu çəpərlər mütəmadi olaraq bərpa edilsə də, bəzi vətəndaşlar qanunsuz yollar açmaq üçün onları qəsdən sıradan çıxarır. Sakinlərdən biri qəzanın təfərrüatını belə təsvir edir: “Qatarın siqnal səsinə çölə çıxdım, artıq hər şey baş vermişdi. Burada yerüstü keçid olsa da, bir çoxları ondan istifadə etmir. Keçid bir qədər hündürdür, yaşlılar və bəzi gənclər pilləkənləri qalxmaq istəməyib birbaşa relslərin üzərindən keçməyə üstünlük verirlər”.

Bu cür qəzalarda sürücünün, yoxsa qaydaları pozan piyadanın günahkar olması məsələsi isə hüquqi müstəvidə fərqli yanaşmalar tələb edir. Hüquqşünas Vamiq Şükürov qeyd edir ki, hər bir hadisə fərdi qaydada və detallı araşdırılmalıdır. Ekspertin fikrincə, ilk növbədə sürət həddi və səs siqnallarından vaxtında istifadə olunub-olunmaması yoxlanılır: “Yalnız qaydaların pozulması faktı təsdiqlənirsə, hadisə ilə həmin pozuntu arasında səbəb-nəticə əlaqəsi müəyyən edilir. Əgər qəza ölüm ilə nəticələnibsə və bu birbaşa qaydanın pozulması ilə əlaqəlidirsə, o zaman cinayət məsuliyyətinin tətbiqi gündəmə gəlir”.

Lakin hadisənin piyada keçidinin düz altında baş verməsi və piyadanın qanunsuz yolla relslərə daxil olması faktı istintaqın gedişatına birbaşa təsir edən amillərdir. Reallıq budur ki, bir neçə dəqiqə vaxta qənaət etmək və ya pilləkən qalxmamaq istəyi çox vaxt geri dönüşü olmayan faciələrlə bitir. Aidiyyəti qurumlar çəpərləri nə qədər bərpa etsə də, vətəndaş məsuliyyəti və təhlükəsizlik mədəniyyəti formalaşmadıqca qatarların yolundakı bu qara xəbərlərin ardı kəsilməyəcək kimi görünür.//Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*