Təmirli, yoxsa təmirsiz mənzil: “Qiymətinin artması alıcıların qərarına əngəl törətmir”backend

Təmirli, yoxsa təmirsiz mənzil: “Qiymətinin artması alıcıların qərarına əngəl törətmir”

“Əvvəllər təmirli və ya az təmirli mənzillərə üstünlük verən alıcılar indi getdikcə daha çox tam təmirsiz vəziyyətdə olan mənzillərə maraq göstərirlər. Bu tendensiyanın arxasında bir neçə əsas səbəb dayanır”.

KONKRET.az xəbər verir ki, bunu deyən Əmlak eksperti Anar Nəsirov “Yeni Sabah”a bildirib ki, mənzil bazarında alıcı davranışları həqiqətən dəyişib:

“İlk növbədə, alıcılar mənzili öz zövq və ehtiyaclarına uyğun şəkildə təmir etdirmək istəyirlər. Onlar standart və bəzən keyfiyyətsiz hesab olunan hazır təmirlərlə kifayətlənmək əvəzinə, yaşayış məkanını tam fərdi şəkildə formalaşdırmağa üstünlük verirlər. Bu yanaşma həm interyer dizaynında fərdilik yaratmaq, həm də funksionallığı artırmaq baxımından önəmli sayılır.

Digər mühüm səbəb isə otaqların planlaşdırılmasına dair azadlıq istəyidir. Alıcılar mənzilin planını öz həyat tərzinə uyğun olaraq dəyişdirmək, əlavə divarlar çəkmək, bəzi arakəsmələri ləğv etmək və ya geniş açıq mətbəx kimi həllər seçmək üçün podmayak mənzillərə yönəlirlər. Təmirli mənzillərdə bu imkan ya çox məhdud olur, ya da əlavə xərclərlə müşayiət olunur”.

A.Nəsirov qeyd edib ki, bütün bunlarla yanaşı, tikinti materiallarının bahalaşması və təmir xidmətlərinin qiymətinin artması alıcıların qərarına əngəl törətmir:

“Bəzi hallarda alıcılar “podmayak” mənzil alıb şəxsi vəsaiti ilə təmir etdirməklə, hazır təmirli ev almağa nisbətən daha sərfəli nəticə əldə etdiklərini düşünürlər. Bu yanaşma həm iqtisadi cəhətdən qənaət etməyə, həm də təmirin keyfiyyətinə nəzarət etməyə imkan verir.

Hazırda daşınmaz əmlak bazarında “podmayak” vəziyyətdə olan mənzillərin tapılması da asan deyil. Bu mənzillərə tələbat artdığından, bir çox investor və fərdi şəxslər belə evləri alaraq təmir etdirir və daha yüksək qiymətə satışa çıxarırlar.

Beləliklə, təmirsiz mənzillərin təmir edilərək təkrar satışa çıxarılması artıq gəlirli bir biznes modelinə çevrilib.

Mənzil bazarındakı bu yeni meyl alıcıların dəyişən tələbatını və fərdiləşmiş yanaşma arzusunu əks etdirir. Təmirli evlərə marağın azalması, “podmayak” mənzillərin isə daha çox diqqət çəkməsi, gələcəkdə bu sahədə fəaliyyət göstərən tikinti şirkətləri və investorlar üçün də istiqamətverici ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*