“The Economist”: “Rusiyanın nəhəng xammal ehtiyatları olmadan dünya xilas ola biləcəkmi?” – TƏHLİLbackend

“The Economist”: "Rusiyanın nəhəng xammal ehtiyatları olmadan dünya xilas ola biləcəkmi?" - TƏHLİL

Yüksək dünya qiymətlərinin uzun müddət davam edəcəyi ehtimal edilir. Hətta sanksiyaların götürülməsindən sonra da. Rusiya indiki kimi şübhəli tərəfdaş hesab olunacaq. 2022-ci ildən sonra daha yüksək faiz dərəcələri və qlobal artımın yavaşlaması bazarın iflasına səbəb ola bilər.

1866-cı ildə rus yazıçısı Nikolay Nekrasov “Rusiyada kim yaxşı yaşayır” adlı dördhissəli əsərini nəşr etməyə başladı. Orada bir neçə il əvvəl təhkimçilik hüququnun ləğvindən sonra kəndlilərin əksəriyyətinin yoxsulluqdan çıxa bilmədiklərini yazılırdı. Birinci fəslin sonunda o yazırdı: “Böyük zəncir qırıldı. Qırıldı və bir ucu bəyə, o biri ucu isə kəndliyə dəydi”.

Əsr yarım sonra onun sətirləri Rusiyanın məruz qaldığı ostralizmin və onun ehtimal olunan nəticələrinin alleqorik təsviridir. Ölçüsünə görə Avstraliya ilə müqayisə edilə bilən dünyanın 11-ci ən böyük iqtisadiyyatının çökməsi qlobal xaosa səbəb olmamalıdır. Amma Nekrasov dövründən, hətta Sovet İttifaqının süqutundan sonra da Rusiyanı dünya iqtisadiyyatına bağlayan asılılıq zənciri daha da güclənib və mürəkkəbləşib. Rusiya dünyanın təbii qaz, neft və kömür ixracatçıları arasında müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Avropa enerjisinin əsas hissəsini şərq qonşusundan alır. ABŞ-ın uran idxalının yarısı da Rusiyanın payına düşür. O, dünya alüminium və mis istehsalının onda birini və akkumulyator dərəcəli nikelin beşdə birini təmin edir. Avtomobil və elektronika sənayesinin açarı olan palladium kimi qiymətli metalların ixracında onun üstünlüyü daha böyükdür. Rusiya həm də buğda və gübrə təchizatının ən mühüm mənbəyidir.

İndiyə qədər onun xammal ixracı Qərbin digər sektorlara tətbiq etdiyi hərtərəfli məhdudiyyətlərdən, embarqolardan xilas olub. Martın 8-də Amerika Rusiya neftinə embarqo elan etdi. Lakin onu az miqdarda da olsa Rusiyadan alır. İngiltərə bu il Rusiyadan satın almağı tədricən dayandıracaq. Bununla belə, Qərbin daha da artan təlabatı əmtəə bazarlarını şoka saldı. Martın 6-da ABŞ dövlət katibi Entoni Blinkenin Vaşinqtonun müttəfiqləri ilə birgə embarqo tətbiq etmək üçün danışıqlar apardığını deməsindən sonra Brent markalı neftin qiyməti dekabrın 1-dən bəri iki dəfə artaraq 139 dollar/barelə yüksəldi. Baxmayaraq ki, martın 10-da 113 dollara düşüb. Qaz qiymətlərindəki dalğalanmalar da əhəmiyyətlidir. Avropa topdansatış qaz qiymətinə bağlanan müqavilələr martın 8-də Rusiyanın qisas alacağı ilə hədələdiyi üçün bir MVt/saat üçün üçdə bir dəfə artaraq 285 avroya (316 dollar) çatdı. Həmin gün London Metal Birjası (LME) metalın qiyməti əvvəlki rekord qiymətindən iki dəfə artdı.Birjanın 145 illik tarixində yalnız ikinci dəfə nikellə ticarəti dayandırdı. Bu həftə digər metalların qiymətləri də rekord həddə çatdı.

Bahalaşmanın belə dərinliyi və genişliyi görünməmiş bir hadisədir. Əsas əmtəələrin “Thomson Reuters” indeksi 1973-cü ildən bəri hər hansı digər dövrlə müqayisədə son üç aydakı qiymət artımı müqayisəyə belə gəlmir. Martın 4-də Birja qiymətləri 1956-cı ildən bəri ən yüksək həddə çatdı. Ticarət şəbəkələrində isteriya hələ görünmür. Ancaq sakitliyin uzun sürmə ehtimalı yoxdur.

“İndi qiymətlər ekranda yalnız quru rəqəmlərdir. Dörd həftədən sonra onlar reallığa çevriləcək”, – deyə treyderlərdən biri bildirib. Gərginlik artmaqda davam edərsə, enerji və metal istehlakını məhdudlaşdırmaq lazım gələcək. Özəl firmalar və şirkətlər ağrılı şəkildə bahalaşmaya uyğunlaşmalı olacaqlar. Zəngin dünya indi şara bənzəyir. Hər an partlaya bilər. Hətta bəzi kasıb ölkələr əbədiyyən iflas edə bilər.

Ola bilsin ki, Rusiya işğala son verər, sanksiyalar dayanar. Amma “qırılan zəncir” dünyanın qalan hissəsini böyük güclə yaralayacaq.

“The Economist”, Böyük Britaniya. 13 mart 2022.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*