Tibb bacısı işləyən qayınanasını öldürən gənc verilən cəzadan narazıdır
428
Qayınanasını öldürən şəxs yenidən hakim önünə çıxarılıb. Həmin şəxs cəzasının azaldılması üçün apellyasiya şikayəti vermək istəyir.
Konkret.az Musavat.com-a istinadən xəbər verir ki, qətl törətməkdə təqsirləndirilən və 16 il müddətinə azadlıqdan məhrum edilən 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov yenidən məhkəməyə müraciət edib.
Elçin Hüseynov barəsində hökm çıxaran Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək apellyasiya şikayəti vermək üçün müddətin bərpa edilməsini istəyib.
Onun müraciətinə hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə baxılıb.
Barəsində hökm çıxarıldıqdan sonra məhkəməyə müraciət edən E.Hüseynovun istəyi rədd edilib. Ona məhkəmənin bu qərarından şikayət vermək tövsiyyə edilib.
Xatırladaq ki, Elçin Hüseynov cinayəti Xəzər rayonu, Binə qəsəbəsindəki Vərəm Dispanserində törədib.
Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.
Məlumata görə, hadisəni törədən Elçin Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib. E.Hüseynov dispanserə gələrək qayınaansından qızını geri göndərməsini tələb edib.
F.Mürsəlova isə E.Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.