Əliyev və Paşinyanın Gürcüstanda sülh müqaviləsi imzalayacağına dair erməni mətbuatında dərc olunan məqalə əməlli-başlı səs-küy yaradıb. Soçi görüşündən dərhal sonra erməni mediasının belə bir yazı ilə çıxış etməsi müəyyən sualların yaranmasına səbəb olub. Ancaq bir çox siyasi şərhçilər indiki vəziyyətdə sülh müqaviləsinin imzalanmasının, özü də bu prosesin Tiflisdə həyata keçirilməsinin real olmadığını bildiriblər. Buna rəğmən sözügedən məqalədəki fikirlərə ciddi yanaşanlar da tapılıb. Bəs görəsən belə bir ehtimal mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Fikrət Sadıqov Gürcüstanın Azərbaycanla partnyor dövlət olduğunu deyib. Qonşuluq münasibətlərimizin də çox yüksək səviyyədə olduğunu bildirib: “Ancaq Tiflisdə hansısa görüş zamanı sülh müqaviləsinin imzalanacağından əmin deyiləm. Əslində niyə Brüssel və ya Moskvada deyil, məhz Tiflisdə bunun baş verəcəyi də aydın deyil. Yəni erməni mətbuatında dərc edilən məlumat müəmmalıdır. Digər tərəfdən sülh müqaviləsinin imzalanmasının yaxın gələcəkdə baş tutatacağını düşünmürəm. Çünki bu istiqamətdə hələ iş aparılır. İşçi Qrupları fəaliyyət göstərsə də, delimitasiya və demarkasiya məsələlərində razılığa gəlinməyib. Bir çox məsələlər tam aydın deyil. Çünki Ermənistan müxtəlif şərtlər və tələblər irəli sürür, maneələr yaradır. Ona görə də, yaxın gələcəkdə Tiflisdə sülh müqaviləsinin imzalanacağına şübhə edirəm”.
Politoloqun sözlərinə görə, Ermənistan mətbuatı müxtəlif mənbələrdən götürülən məlumatlar dərc edir: “Bu o demək deyil ki, erməni mediasının yazdığı həqiqətə uyğundur. Müxtəlif ehtimalların səsləndirilməsi və dərc olunması mümkündür. Provakativ xarakter daşıdığını deyə bilmərəm. Ancaq çox güman ki, hansısa dairələrin uydurmasıdır. Odur ki, buna inanmaq çox çətindir. Təbii ki¸hamımız tezliklə sülh müqaviləsinin imzalanmasını və Cənubi Qafqazda əmin-amanlığın olmasını istəyirik. Amma Ermənistan bunu istəmir və müxtəlif maneələr törədir. Əgər erməni mətbuatı belə bir fikiri yazırsa, o zaman öz hökumətinin konkret mövqeyini də ortaya qoymalıdır. Paşinyanın prosesə niyə bu qədər maneələr törətdiyini soruşmalıdırlar. Çünki Ermənistanın Baş naziri müxtəlif versiyalar irəli sürür, Moskva, Vaşinqton planlarından danışır, kimlərisə razı salmağa hesablanan f bəyanatlar dilə gətirir. Belə bir şəraitdə yaxın gələcəkdə sülh müqaviləsinə imza atılacağını düşünmürəm”.
Müşviq Tofiqoğlu,
KONKRET.az