Cənubi Qafqazda geosiyasi dəyişikliklərlə barışmayan Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda sülhü təhdid altına alır. Rusiyanı bölgədən sıxışdırıb-çıxarmağa çalışan Ermənistan hakimiyyəti yeni taktiki gedişlərdən istifadə edir. Paşinyan əvvəlcə Rusiyanın patronajlığında olan təşkilatların iclas və sammitlərini baykot edir. İmkan düşən kimi müttəfiqinin əleyhinə ittihamlar səsləndirir.
KONKRET.az xəbər verir ki, rusiyalı ekspert, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko bildirib ki, Rusiyanın Ermənistanla münasibətləri gərginləşmə dövrünü yaşayır: “Moskva yəqin ki, Rusiyaya qarşı getdikcə təxribat xarakterli siyasət yürüdən Paşinyana reallıq hissini necə qaytarmaq barədə düşünür. Diplomatiyada hər oyunun qaydaları və vaxtı var. Ermənistan isə onları çoxdan pozub. Regiondankənar oyunçuların Ermənistana dəstəyini nümayiş etdirmək üçün yöndəmsiz cəhdləri İrəvanla Moskva arasında münasibətləri daha da gərginləşdirir. Moskva vaxtaşırı münasibətləri əvvəlki kursa qaytarmağa çalışır, lakin İrəvan riskli oyununu dayandırmaq niyyətində deyil”.
Daha sonra Zəngəzur dəhlizinin açılmaq perspektivinə toxunan Tkaçenko bildirib ki, Moskva dəhlizin açılmasının İrəvan üçün bəlkə də sonuncu xarici siyasət resursuna çevrildiyini başa düşür: “Görünür, İrəvan Rusiyanın bu layihəyə real münasibətində səhv edib. Fikrimizcə, indi Rusiya Zəngəzur dəhlizi məsələsində “burada və indi” prinsipində tələsməməlidir. Bu layihədə bütün maraqlı dövlətlər tərəfindən davamlı dəstək əldə edilməlidir. Əks halda, əməkdaşlığı genişləndirmək əvəzinə, Zəngəzur dəhlizinin açılması cəhdləri yeni regional münaqişəyə, hətta müharibəyə səbəb ola bilər. Praktikada Rusiya əmin olmağa çalışır ki, bütün maraqlı tərəflər başqalarının siyasi istəklərinə deyil, öz iqtisadi maraqlarına əsaslanır. Buna görə də Moskva Zəngəzur dəhlizinin açılmasına tələsmir, gözləyir və baş verən hadisələri təhlil edir”.
Tkaçenko hesab edir ki, ABŞ-ın Zəngəzur dəhlizinə mane olmaq istəyi sırf Rusiya ilə bağlı məsələdir: “Vaşinqtonun səylərinin əsas istiqaməti Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb-çıxarmaq, İranı zəiflətmək, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına maneələr yaratmaqdır. Bundan əlavə, Vaşinqton hazırda Rusiya, İran və Türkiyə ilə münasibətlərinə etibar etmir. Amerika diplomatiyasının regiondakı bütün ölkələrə bir-birilə münasibətlərində diqtə etmək qabiliyyəti də yoxdur.
Odur ki, Ermənistanın həm daxili siyasi, həm də diplomatik sahədə zəifləməsi Vaşinqtonun işinə yarayır. Onlar bundan Ermənistan daxilində gərginlik yaratmaq üçün istifadə etməyə çalışırlar. Bundan əlavə, ABŞ Cənubi Qafqazda uzunmüddətli münaqişənin təməlini qoymaq istəyir. ABŞ-ın planı İranda sabitliyi pozmaq və onların ərəb-İsrail münaqişəsinə müdaxilə imkanlarını zəiflətmək üçün hər hansı qonşu ölkə ilə hərbi qarşıdurmaya cəlb etməkdir”.
Vəli Həsənov,
KONKRET.az