Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Avropa İttifaqının prezidenti Şarl Mişelin də iştirak edəcəyi sülh danışıqlarında bir sıra məsələlər müzakirə olunacaq.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, sülh danışıqlarında bir çox məsələlər öz həllini tapıb: “Qarabağ mövzusu artıq danışıqlar mövzusu deyil.
Deməli, qalır sərhədlərin müəyyən olunması və kommunikasiya məsələləri. Bilirsiniz ki, sərhəd mövzusunda fərqli mövqelər var. Hansısa çərçivə sənədin üzərində iş getməsini istisna etmirəm. Amma konkret məsələlərin həllini nəzərdə tutan hər hansı sənədin qəbulu hesab edirəm ki, mümkün deyil.
Biz başa düşməliyik ki, bəzi mövzuların həlli illər tələb edəcək. Bunlardan biri kompensasiya məsələsidir. Sərhədlərin delimitasiya və demarkasiyası da vaxt aparan prosesdir. Sərhədlərin əsas prinsipi müəyyənləşməyib. Ermənistan 1975-ci ilin xəritəsindən istifadəni təklif edir.
Azərbaycan isə təkid edir ki, müxtəlif bölgələrə aid ayrı-ayrı illərin xəritələri tətbiq oluna bilər. Bunun da məntiqi davamı 1920-ci ilin xəritələrinə qayıtmaqdır və Azərbaycan bunu təklif edir. Digər mövzu kommunikasiya məsələləridir və bu məsələ həm vaxt, həm də uzunmüddətli danışıqlar tələb edir. Bu üç mövzunun müzakirəsi kifayət qədər vaxt aparacaq. Bundan başqa, hansısa bəyanata oxşar çərçivə sənədin işlənməsi və müzakirəsi istisna olunmur. Amma yekun sənədin imzalanmasına hələ çox vaxt var”.
Daha sonra ermənilərin Qarabağdan kütləvi köçünə toxunan Tofiq Zülfüqarov bildirib ki, Ermənistan bununla beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətindədir: “Əslinə qalsa, ermənilərin burada hər hansı cinayət və ya genosid olmasıyla bağlı beynəlxalq ictimaiyyətə müraciətinin məntiqində zəif bir nöqtə var.
Birincisi, həm Qarabağdan, həm də Ermənistandan Azərbaycan əhalisi tam şəkildə çıxarılıb. Azərbaycanlılar Ermənistandan 35 il əvvəl etnik təmizləməyə məruz qalıb. İşğal olunan ərazilərdə də etnik təmizləmələr baş verib. İndi ermənilər bunu genosid adlandırırlarsa, istər-istəməz istənilən beynəlxalq qurum bundan qabaq baş verən hadisələrə də qiymət verməlidir.
Əgər belədirsə, o zaman Azərbaycan bu diskussiyaya hazırdır. Azərbaycanın yetərincə sübutu var ki, ermənilərin çıxması 90-cı illərdə azərbaycanlıların çıxma vəziyyəti ilə müqayisə oluna bilməz. Bu baxımdan onların təbliğ elədiyi mövqe məntiqi baxımdan zəifdir. Azərbaycan da təbii ki, bundan istifadə edəcək. Söhbət təkcə təbliğatdan getmir, burada beynəlxalq qurumların cəlb olunması məsələsi də gündəmdə olmalıdır.
Vəli Həsənov,
KONKRET.az