Bu gün Yaponiyanın paytaxtı Tokioda rusiyalı rejissor Sergey Ginzburqun baş rolda aktyor Aleksandr Domoqarovla birlikdə sovet kəşfiyyatçısı Rixard Zorgenin həyatından bəhs edən çoxhissəli filminin premyerası başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, filmin birinci seriyadan sonuncu seriyaya qədər iki dəfə nümayişi planlaşdırılır.
“K’s Cinema”nın məlumatına görə, bilet satışı tamaşaçıların artan marağı ilə həyata keçirilir.
Qeyd edək ki, Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində dünyaya gəlib. Atası milliyətcə alman olan Adolf Zorge rus əsilli Nina Kabaleva ilə ailə qurur. Zorge ailənin sonuncu övladı olur. Ailə bir neçə il Bakıda qaldıqdan sonra Berlin şəhərinə köçür.
1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması ilə Zorge könüllü cəbhəyə yollanır. Müharibədə göstərdiyi şücaətə görə Zorge Almaniya İmperiyasının II dərəcəli “Dəmir Xaç” medalına layiq görülür.
O, 1929-cu ildə Yan Berzin tərəfindən sovet kəşfiyyat xidmətinin işinə cəlb edilir. Zorge Yaponiyada Ramzay kod adı atlında fəaliyyət göstərir.
Kəşfiyyatçı 1941-ci il oktyabrın 18-də Tokioda həbs olunub. O, 1944-cü il noyabrın 7-də Tokioda saxlanıldığı həbsxanada asılaraq edam edilib.
Edamdan sonra onun meyiti Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlıqda dəfn olunur. Bir müddət sonra anası Anna Klausenin səyləri ilə meyit həbsxanadan çıxarılır və Tokionun Füçi rayonunda yerləşən qəbiristanlıqda dəfn olunur.
Qeyd edək ki, SSRİ 1964-cü ilə qədər Zorge adında bir xəfiyyəsinin olduğunu inkar edib.
İqbal Rzayev,
KONKRET.az