ABŞ prezidenti Donald Tramp İranda rejim dəyişikliyinə eyham vurub.
KONKRET.az xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb.
“Rejim dəyişikliyi ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi ölkəni yenidən böyük edə bilmirsə, niyə rejim dəyişmir?”, – deyə o bildirib.
Bundan əvvəl Donald Tramp Amerikanın zərbələri nəticəsində İranın nüvə infrastrukturuna böyük ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, “B-2” pilotları əməliyyatı uğurla başa vuraraq Missuri ştatına təhlükəsiz eniş ediblər.
İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə kütləvi zərbələr endirib. İranın Fars xəbər agentliyinin məlumatına görə, Fordo obyektinə cüzi ziyan dəyib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi heç bir radiasiya emissiyası olmadığını bildirib.
İran prezidenti Məsud Pezeşkian deyib ki, ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrə cavab verməlidir.