ABŞ Prezidenti Donald Tramp Çikaqo şəhərinin meri və İllinoys ştatının qubernatoru olan demokratların həbs edilməsini tələb edib. O, bu addımı onların ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşlarını qeyri-qanuni miqrantlara qarşı aparılan kampaniya zamanı hücumlardan qorumaqda acizlik göstərmələri ilə izah edib.
KONKRET.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Tramp sosial şəbəkə hesabında Çikaqo meri Brendon Consonu və İllinoys qubernatoru C.B.Pritskeri Çikaqoda fəaliyyət göstərən immiqrasiya xidməti əməkdaşlarını müdafiə edə bilməməkdə günahlandırıb.
Xəbərdə bildirilir ki, Texas Milli Qvardiyasının yüzlərlə əsgəri İllinoys ştatında, Çikaqo yaxınlığındakı hərbi bazada toplaşıb. Bu, Pritsker, Conson və ştatdakı digər demokrat liderlərin etirazlarına baxmayaraq baş verib.
Tramp, həmçinin ABŞ-ın digər şəhərlərində də hərbi qüvvələri yerləşdirməklə hədələyib.