“Sülh hələ yaxın deyil”
KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə təxminən 1 saat 15 dəqiqə davam edən telefon danışığı aparıb.
Trampın sözlərinə görə, tərəflər Ukraynanın Rusiya təyyarələrinə hücumlarını və hər iki tərəfdə baş verən digər hücumları müzakirə ediblər. “Bu yaxşı söhbət idi, lakin dərhal sülhə gətirib çıxaracaq bir söhbət olmadı. Prezident Putin çox qəti şəkildə bildirdi ki, aerodromlara edilən son hücuma cavab verməli olacaq”, – deyə Tramp qeyd edib.
Telefon danışığında, həmçinin İran və bu ölkənin nüvə silahına dair qərar verməsi üçün zamanın tükəndiyi mövzusu da müzakirə olunub.
“Prezident Putinə dedim ki, İranın nüvə silahı ola bilməz. Bu məsələdə razı qaldığımızı düşünürəm. Putin İranla müzakirələrə qatılmağı və bu məsələni tezliklə həll etməyə kömək edə biləcəyini təklif etdi. Məncə, İran bu son dərəcə vacib məsələ ilə bağlı qərarını ləngidir və bizim çox qısa müddətdə dəqiq cavaba ehtiyacımız var!”, – deyə Tramp “Truth Social” platformasında bildirib.
Natiq Səlim,
KONKRET.az