Yaxın Şərqdə İran və İsrail arasında qarşılıqlı hücumlar regionda vəziyyəti kritik həddə çatdırıb. Münaqişə qısa müddətdə həm hərbi, həm də iqtisadi təsirləri ilə qlobal diqqət mərkəzinə çevrilib.
KONKRET.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrail və İranı münaqişəyə son qoymaq üçün razılığa gəlməyə çağırıb. O, “Truth Social” platformasında yaydığı bəyanatda qeyd edib ki, əgər İran ABŞ maraqlarına hər hansı zərbə vurarsa, “ABŞ Silahlı Qüvvələri Tehrana qarşı indiyə qədər görünməmiş miqyasda güc tətbiq edəcək”. Eyni zamanda Tramp bildirib ki, bu qanlı qarşıdurmanı danışıqlar yolu ilə bitirmək mümkündür və buna üstünlük verilməlidir.
İran və İsrail arasında qarşılıqlı raket və dron hücumları daha da şiddətlənib. İsrailin Bat-Yam şəhərində çoxmərtəbəli yaşayış binasına İranın endirdiyi raket zərbəsi nəticəsində 6 nəfər həyatını itirib. Ümumilikdə İsrail rəsmilərinin məlumatına görə, son hücumlar zamanı azı 10 nəfər ölüb, onlardan 3-ü uşaqdır.
İranın Təbriz, Tehran, Şahran və Alborz bölgələri də İsrailin intensiv hücumlarına məruz qalıb. İran tərəfinin yaydığı məlumata əsasən, yalnız şənbə günü həyata keçirilən zərbələr nəticəsində 138 nəfər həlak olub. Həlak olanların təxminən yarısının uşaq olduğu bildirilir.
İsrail ilk dəfə olaraq İranın enerji sektorunu da hücum obyektinə çevirib. Xüsusilə, Cənubi Pars qaz yatağına edilən hücum nəticəsində güclü yanğın baş verib və qaz hasilatı qismən dayandırılıb. Bu yataq İranın əsas qaz mənbələrindən biri hesab olunur və onun sıradan çıxması ölkənin enerji təchizatında ciddi boşluq yarada bilər.
İsrailin baş naziri Benyamin Netanyahu verdiyi bəyanatda İran xalqını rejimə qarşı ayağa qalxmağa çağırıb. O bildirib ki, İran rejiminin sonu yaxınlaşır və yaxın günlərdə hücumlar daha da intensivləşəcək. İsrail rəsmiləri hücum planlarının davam etdiyini və hədəfdə hələ uzun bir obyekt siyahısı olduğunu açıqlayıblar.
Artan gərginlik enerji bazarlarına dərhal təsir göstərib. Neft ixracında yaranan risk səbəbilə neftin dünya bazarındakı qiyməti bir gündə 9% artıb. Bu, dünya iqtisadiyyatı üçün ciddi narahatlıq doğurur. Tel-Əviv birjası günə enişlə başlasa da, gün ərzində stabilləşib. Səudiyyə Ərəbistanında isə birjalar 1.5% dəyər itirib.
Hazırda beynəlxalq ictimaiyyət tərəfləri təmkinə və diplomatik həll yollarına çağırsa da, vəziyyətin nə zaman sabitləşəcəyi hələlik məlum deyil. ABŞ və digər Qərb ölkələri isə İranın nüvə proqramı ilə bağlı təzyiqlərini artırmaqda davam edirlər.
Natiq Səlim,
KONKRET.az