ABŞ və Rusiyanın Ukraynadakı müharibəni bitirmək üçün gizli plan hazırladığı barədə məlumat bir neçə gün əvvəl yayılmışdı. Sızan informasiyaya görə, bu plan Ukrayna üçün çox əlverişsiz idi.
KONKRET.az bildirir ki, bu yaxınlarda məlum olub ki, plan 28 bənddən ibarətdir.
Bu gün Axios ABŞ və Ukrayna rəsmilərinə, həmçinin prosesdən xəbəri olan şəxslərə istinadən həmin bəndləri dərc edib.
Plan Donald Trampın xüsusi elçisi Stiv Vitkoff tərəfindən, dövlət katibi Marko Rubio və amerikalı biznesmen, Trampın kürəkəni Jared Kuşnerin iştirakı ilə hazırlanıb.
Bundan başqa, Vitkoff Rusiya maliyyəçisi və RF ilə ABŞ arasında Ukrayna məsələsində de-fakto vasitəçi olan Kirill Dmitriyevlə məsləhətləşib. Vitkoff tez-tez Trampın ətrafında Rusiyaya daha yaxın mövqedə duran fiqurlardan biri kimi tanınır.
Sonra plan Zelenskinin milli təhlükəsizlik üzrə müşaviri Rustem Umerova göstərilib. Bir gün əvvəl isə sənəd artıq Ukrayna prezidentinin özünə təqdim olunub. Zelenski bildirib ki, bu məsələni Trampla müzakirə edəcək. Haradasa bu proses ərzində planı ABŞ prezidenti şəxsən də təsdiqləyib.
Bu günlər ərzində plan mediada artıq “Trampın 28 bəndi” adı ilə tanınmağa başlayıb.
Aşağıda planın mahiyyətini anlamaq üçün ilk yeddi bənd:
1. Ukraynanın suverenliyi təsdiqlənir.
2. Rusiya, Ukrayna və Avropa hərtərəfli hücumsuzluq sazişi imzalayır. Son 30 ildə yaranmış bütün mübahisələr həll olunmuş sayılır.
3. Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək, NATO isə genişlənməyəcək.
4. Rusiya və NATO ABŞ-ın vasitəçiliyi ilə təhlükəsizlik məsələləri üzrə dialoq aparacaq. Məqsəd deeskalasiya üçün şərait yaratmaq, qlobal təhlükəsizliyi təmin etmək və gələcək iqtisadi əməkdaşlıq imkanlarını genişləndirməkdir.
5. Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq.
6. Ukrayna Silahlı Qüvvələrinin sayı 600 min hərbçi ilə məhdudlaşdırılacaq.
7. Ukrayna Konstitusiyasında NATO-ya üzv olmayacağı barədə maddəni təsbit etməyə razılaşır, NATO isə öz sənədlərinə Ukraynanın gələcəkdə qəbulunu qadağan edən müddəa daxil edir.
Plan bir çoxları tərəfindən həyat qabiliyyətli adlandırılıb. Onu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də Nikol Paşinyanla görüşündə tərifləyib.
Buna baxmayaraq, çoxlu suallar qalır. Məsələn, ABŞ Ukraynaya bu planla razılaşma müqabilində hansı konkret təhlükəsizlik zəmanətlərini verir?
Ukraynanı ən çox narahat edən məqamlar ərazi güzəştləri, ordunun sayına məhdudiyyətlər və NATO-dan imtinanın konstitusiya səviyyəsində təsbit edilməsi ilə bağlı bəndlər idi. Zelenski Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə danışıqlar apardığını bildirib.
Ərazilər, NATO və təhlükəsizlik zəmanətləri: Trampın planının bütün 28 bəndi
Ağagül Mürsəlov,
KONKRET.az
