Tükənən Elman Rüstəmov və dağıdılan banklar haqqında BALLADAbackend

Tükənən Elman Rüstəmov və dağıdılan banklar haqqında BALLADA

Surxay Atakişiyev

Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov mayın 13-də geniş heyətlə mətbuat konfransı keçirdi. Çoxları kimi mən də mətbuat konfransını diqqətlə izlədim. İzlədim ki, görüm Baş Bankirimiz mətbuat konfransı keçirməkdə məqsədi nədir. 40 dəqiqəlik tədbirə təkrar-təkrar baxdım. Və bir daha gördüm ki, Elman müəllim hələ də iş görmək əvəzinə qurbanlıq günahkar axtarışındadır. Yenə  bankları günahkar çıxardı. Ay nə bilim,.. hesabatlılıqda şəffaflıq yoxdur…, xarici və daxili auditlərin yekun nəticələri üst-üstə düşmür…və ilaxır və sair. Bir az da ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının qarasına danışdı. Hə, bir də ekspetrlərdən gileyləndi. Guya bəzi ekspertlər əhalini çaşdırır, maliyyə bazarını düzgün analiz etmir.

Bir sözlə Elman Rüstəmov son çıxışında xeyli günahkar nişanladı. Amma günahkarları söyləyəndə də qəhrəmanımız çox cəsarətsiz və həvəssiz danışırdı, Çünki çoxununl bilmədiyi bir həqiqəti Mərkəzi Bankın sədri çox gözəl bilir ki, ötən 25 ildə maliyyə bazarında baş verən nöqsanların, subyektiv problemlərin və böyük itkilərin baiskarlarından ən birincisi məhz onun özüdür. Çünki, vaxtilə yağışdan sonra çıxan göbələk kimi açılan (bu gün də dağılan) banklara Mərkəzi Bank tərəfindən lisenziyalar veriləndə Elman Rüstəmov bu günü fikirləşməliydi. Amma baş bankirimiz adəti üzrə heç kimlə pis olmaq istəmədi. Seyrçi mövqeyini sonrakı illərdə də davam etdirdi. Yeni yaranan banklar fəaliyyətləri dövründə Mərkəzi Bankdan daha çox xarici maliyyə institutları ilə əməkdaşlığa üstünlük verdilər. Belə ki, banklar Mərkəzi Bankın illik 2-3 faizlik investisiya təklifinə yox deyib, xarici ölkələrdən illik 8-10 faizlə vəsait almağa başladılar. Sonradan bu vəsaitlər illik 30-40 fiazlə daxili bazarda dövriyyəyə buraxıldı. Üstəlik banklar əhaliyə krediti dollarla təklif etməyə başladılar. Baxmayaraq ki, dollarla kreditlərin verilməsi qanunazidd idi. Çünki Azərbaycanda yeganə tədavül vasitəsi manatdır. Bu özbaşınalıqlar  qarşısında Mərkəzi Bank o zaman yenə  susdu. Hələ onu demirəm ki, xaricdən cəlb olunan vəsaitlərin mənşəyi də şübhəli idi. Bu istiqamətdə apardığım araşdırmalar zamanı qəribə mənzərə ilə qarşılaşdım.

Belə ki, Azərbaycan banklarının əməkdaşlıq etdiyi xarici banklar Avropanın 3-cü, 4-cü dərəcəli ölkələrinə, məsələn, Çexiya, Macarıstan və başqa xırda dövlətlərə məxsusdur. Bax, əsl maraqlı məqam burdadır. Etibarlı mənbələrdən əldə etdiyim bilgilərə görə zaman-zaman Azərbaycandan oğurlanıb çıxarılan külli miqdarda vəsaitlər məhz Avropanın az inkişaf etmiş ölkələrindəki bəzi banklara yerləşdirilib. Bununla da çirkli pullar yuyulub.

Bir müddət sonra bu pullar yenidən investisiya şəklində Azərbaycana qaytarılıb. Daha sonra bu pullar yüksək faizlə əhaliyə və sahibkarlara verilib. Ola bilsin ki, bu arqumentimlə kimlərsə razılaşmasın. Onda həmin adamlara sual vermək istəyirəm. Son 5 ildə 20-dən artıq bank bağlanıb. Təbii ki, bu banklarda yüz milyonlarla vəsait dağıdılıb və yaxud batıb. Amma batan vəsaitə görə xarici bankların heç biri beynəlxalq arbitraj məhkəmələrinə müraciət etməyib. Niyə? Çünki səbəb yuxarıda söylədiklərimdir. Hələ onu demirəm ki, 2016-cı ildəki devalvasiyalara görə bu bankarın vurduğu ziyanı Azərbaycan dövləti qarşıladı.

Bu da həmin işbazların dövlətimizə vurduğu ziyanın daha bir sübutudur. Təbii ki, maliyyə bazarındakı sadaladığımız və müəyyən səbəblərə görə  hələlik demədiyimiz nöqsanlara görə, məsuliyyət Mərkəzi Bankın üzərinə düşür. Amma Baş Bankirimiz heç bir məsuliyyəti nəinki üzərinə götürmək, heç yaxına buraxmaq istəmir. Lakin görünən dağa (batan gəmiyə desək, daha doğru olar) bələdçi lazım deyil.

Bu gün ölkəmizin bank-maliyyə sektoru ciddi təhdid qarşısındadır. Xüsusilə də COVİD-19 pandemiyasının cövlan etdiyi indiki dövrdə. Baxmayaraq ki, Elman müəllim deyir bu bəla bizim “uğurlarımıza” kölgə salmayıb. Mərkəzi Bankın idarə heyətinin sədri aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransdakı çıxışında arxayınlıqla dedi ki,  “Bank sektorunun likvidlik səviyyəsi bu gün qənaətbəxş səviyyədədir. Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir…”

Dünyanın aparıcı dövlətləri dəsmal çıxarıb ağladığı bir vaxtda Elman müəllimin nikbinliyi sadəcə təəccüb doğurur. Mayın 13-dəki mətbuat konfransında da baş bankir ənənəsinə sadiq qaldı. Dedi ki, biz ciddi islahatlara başlamışıq, işlər gedir… və ilaxır, və sair. Bu yerdə bir dənə də xatırlatma etmək məcburiyyətindəyəm.

2020-ci ilin yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə  Elman Rüstəmov dedi ki, kapital bazarı inkişaf etməyib. Qiymətli kağızların listinqinə daxil olan şirkətlərin fəaliyyəti yoxdur. Bu o deməkdir ki dövlətdən kənarda özəl bölmə funksional deyil… Və təklif etdi ki, biz özəl bölmədən çempion şirkətlər yaradaq, onlar kapital gətirsinlər… Elman müəllimin dediyi fikirlərdən 4 ay keçib.

Amma çempion şirkətlərdən söhbət belə getmir. Axırıncı mətbuat konfransında da heç bu barədə danışmadı. Deməli, Elman müəllim ənənəsinə sadiqdir. İş görmək əvəzinə yenə danışır. Bu isə o deməkdir ki, Baş Bankirimiz artıq tükənib. Ona görə də yazımın sonunu Respublika  Prezidenti İlham Əliyevin mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən söylədiyi fikirlərlə yekunlaşdırmaq istəyirəm: “Xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*