Son günlər Ramiz Mehdiyevin adı ətrafında baş verən proseslər siyasi gündəmin əsas müzakirə mövzusuna çevrilib. Onun keçmiş fəaliyyətinə, siyasi dairələrlə əlaqələrinə və xüsusilə müxalifətlə mümkün işbirliyi iddialarına dair səsləndirilən fikirlər ictimaiyyət arasında geniş rezonans doğurur. Politoloqlar, ekspertlər və müxtəlif siyasi çevrələr bu proseslərin arxa fonunda baş verənləri diqqətlə izləyir və hər biri bu hadisələri Azərbaycan siyasi sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir.
KONKRET.az xəbər verir ki, politoloq Cümşüd Nuriyev Ramiz Mehdiyevin ətrafında baş verən prosesləri şərh edərkən sensasion fikirlər səsləndirib.

Politoloqun sözlərinə görə, Ramiz Mehdiyevin illər boyunca dövlət idarəçiliyində yaratdığı sistem Azərbaycanın siyasi elitasına ciddi ziyan vurub:
Nuriyev bildirib ki, Mehdiyev uzun illər ərzində erməni təcavüzünə qarşı çıxış edən, dövlət maraqlarını müdafiə edən, SSRİ-nin çökməsinə səs verən, ziyalı və ictimai-siyasi xadimlərdən ibarət böyük bir çevrəni məqsədyönlü şəkildə sıradan çıxarıb:
“Azərbaycanın böyük siyasi elitası məhv edilib. Kim ki, dövlət maraqlarını müdafiə edib, ermənilərə qarşı mübarizədə fəallıq göstərib, onların hamısına Ramiz Mehdiyevin çox mənfi təsiri dəyib. Hərəsini bir formada şərləyib, sistemdən kənarlaşdırıb”, –
politoloq vurğulayıb.
Cümşüd Nuriyev həmçinin Ramiz Mehdiyevin müxalifətlə əlaqələrinin artıq daha açıq şəkildə üzə çıxdığını deyib. Onun sözlərinə görə, bu əlaqələrin təsdiqi kimi Tural Sadıqlının “Azad Söz” kanalını bağlaması göstərilir:
“Bu, Ramiz Mehdiyevin müxalifətlə işbirliyinin bariz sübutudur. Kanalın maliyyəsinin dayanması təsadüfi deyil. Dövlət səviyyəsində informasiyaların xaricə ötürülməsi həyata keçirilirdi”, – Nuriyev qeyd edib.
Politoloq bildirib ki, Ramiz Mehdiyevin ətrafında baş verən proseslər həm siyasi kulislərdə, həm də ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olur.
Müşviq Tofiqoğlu
KONKRET.az
