Türkiyə Respublikasının Avstraliyanın Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və təhlükəsizlik üzrə attaşe Engin Severin xidmət etdikləri diplomatik nümayəndəliyin qarşısında erməni terrorçu tərəfindən vəhşicəsinə qətlə yetirilmələri ilə bağlı cinayət işində yeniliklər var. Türkiyə tərəfi sözügedən cinayət işinin yenilənməsini məmnuniyyətlə qarşılayıb.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, Avstraliya polisi 39 il əvvəl türkiyəli diplomatları qətlə yetirən erməni terrorçularının fotorobotunu hazırlayıb. Bildirilir ki, erməni terror təşkilatlarının üzvü olan həmin terrorçuların hazırda təxminən 60 yaşları vardır. Yenilənən cinayət işi ilə hazırda Sidney Terrorla Mübarizə Təşkilatının əməkdaşları məşğuldurlar. Polis müraciət edərək cinayətkarlar barədə məlumatı olan şəxslərdən kömək istəyib.
Ən son məlumata görə, 1980-ci il dekabrın 17-də türk diplomatları Şarık Arıyak və Engin Severə qarşı törədilən terror aktı JCAG (“Saxta “erməni soyqırımı” ədalət komandanlığı”) erməni terror təşkilatının üzvləri tərəfindən həyata keçirilib (Azərtac).
Qeyd edək ki, erməni terrorçuları 1973-1985-ci illərdə 31-i diplomat olmaqla, 55 Türkiyə vətəndaşını öldürüblər, 299 nəfər yaralanıb, dövlətə və mülki şəxslərə külli miqdarda maddi ziyan vurulub. ASALA, JCAG və ARA erməni terror təşkilatları bu cinayətləri əlaqəli şəkildə həyata keçiriblər.