Daha bir tarixi hadisəyə şahidlik etdik. İyulun 6-da Türk dünyasının mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutdu.
Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etdilər.
Zirvə görüşü Türk dövlətləri üçün tarixi hadisə olmaqla yanaşı, həm də dünya güclərinə verilmiş vacib mesajlar baxımından əhəmiyyətli idi. Qlobal güclərin irəli sürdüyü “parçala, hökm sür” siyasətinə qarşı dostluq-qardaşlıq platforması üzərində daha güclü olmaq siyasətini ortaya qoymaq sözün hər mənasında böyük hadisədir.
Şuşa görüşündə dünyaya açıq şəkildə mesaj verildi ki, bəzi dövlətlərin dünyanı parçalamaqla, ayrı-ayrı ölkələri müharibə və iqtisadi sanksiyalar hesabına çökdürməklə iqtisadi-siyasi dividentlər qaznmaq kimi şablonlaşmış istismarçı ənənəsindən daha uğurlu format və üsullar var. Bu da ortaq maraqlar və mövcud imkanların bir araya gətirilməsidir.
Məsələn, Şimali Kipr Türk Cümhuriyyəti ilk dəfə böyük iqtisadi və siyasi gücə malik ölkələrlə eyni masaya əyləşdi. Halbuki qlobal güclər 50 ildən artıqdır ki, ŞKTC-ni tanımır. Bu səbəbdən də bu ada ölkəsi qlobal çağırışlardan və davamlı inkişafdan geri qalır. Amma TDT üzü olan ölkələr ŞKTC-ni öz sıralarına qataraq onun daha dayanıqlı və güclü olmasına dəstək verirlər. Beləcə, Şuşadan dünyaya çox gözəl bir mesaj verildi ki, korporativ maraqlar üçün kiçik dövlətləri əzmək yox, onlara dəstək nümayiş etdirərək irəli çəkmək sivilizasiya üçün daha faydalıdır. Bu, dünyada əbədi sülhə və ümumi gəlirlərin bərabər bölgüsünə təminat yaratmağın ən optimal həll modelidir. Bu gün Qərb öz iqtisadi və hərbi gücünü artırmaq üçün digər dövlətləri müharibəyə və iqtisadi defolta sürükləyir.TDT isə Qərbə və bütün dünyaya yeni baxış, yeni yanaşma təqdim edir. Ona görə də Şuşadakı Zirvə görüşü bu və digər səbəblərə görə Beynəlxalq aləm üçün əlamətdar və yaddaqalan oldu.
Dünya 5-dən ibarət deyil
Təbii ki, Zirvə görüşündə dünyaya daha bir neçə vacib mesaj verildi. Bunlardan biri də bəzi ölkələrin 100 illik ədalətsiz idarəçiliyindən qurtulması vacibliyinin elanı idi. Yəni dünya 5 ölkədən ibarət deyil. Dünyada həmin 5 dövlətdən daha yaxşı yaşamaq haqqı olan və hər zaman ədalətin yanında dayanan ölkələr də var. Həmin ölkələrin bir qismi də TDT-də cəmləşib.
Təsadüfi deyil ki, tədbirin moderatoru olan Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir:
“Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımızı döyüş meydanlarında dəfələrlə göstərmişik. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir”.
İlham Əliyev Şuşadan bütün dünyaya bir daha bəyan etdi ki, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malikliyi ölkələrimizi sıx birləşdirir: “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.
Azərbaycan liderinin bu qürurverici bəyanatının çox güclü siyasi-iqtisadi əsasları var. Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin birgə ümumdaxili məhsulu 1 trilyon ABŞ dollarından çoxdur. Genişlənməkdə olan bazara və sayı 150 milyondan artıq olan insan resursuna malikdir. Müqayisə üçün bildiorək ki, Avropa İttifaqının insan resursları bu rəqəmdən 3 dəfə çox olsa da, birgə ÜDM-i 15,9 trilyon avrodur. Yəni Türk Dünyasının toplam ÜDM-indən 15 dəfə çoxdur. Bu, Türk Dünyası üçün yeni çağırışları aktuallaşdırır. Yəni Türk dövlətləri iqtisadi olaraq ixtisaslaşa, birgə istehsalı və iqtisadi-ticari əməkdaşlığı artırma yolu ilə birgə ÜDM-i, o cümlədən hər bir Türk dövləti milli ÜDM-ni artırıb, inkişaf edə bilər. Təsadüfi deyil ki, Macarıstanın Baş naziri Viktor Orban Zirvə görüşündə TDT-nin vahid investisiyasının yaradılmasını təklif etdi. Halbuki, Macarıstan Avropa İttifaqının üzvüdür və bu ölkə hazırda Aİ-yə sədrlik edir. Bununla belə, macar liderinin Aİ-dən daha çox TDT-dən gözləntiləri var. Ona görə də bu təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsində daha çox maraqlıdır.
Qarabağ Bəyannaməsi
Bu da onu göstərir ki, XXI əsrin Türk əsri olması üçün çox ciddi siyasi və iqtisadi əsaslar var. Ona görə də Zirvə görüşünün sonunda qəbul edilən Qarabağ bəyannaməsinin ikinci bəndində strateji tərəfdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi bir daha vurğulanıb.
Zirvə görüşünü əlamətdar edən daha bir hadisə isə təbii ki, sonda qəbul edilən Qarabağ Bəyannaməsidir. Bəyannamənin bu cür adlandırılması və ona 7 ölkə liderinin imza atması ABŞ-dəki, Fransadakı və digər ölkələrdəki pozucu qüvvələrə xəbərdarlıq idi. Bununla da Türk dövlətləri bir daha bəyan etdilər ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır və ona uzadılan xain dillər anındaca kəsiləcək.
Zirvə görüşü Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni birliyinin əyani göstəricisi idi. Bu birliyi ərsəyə gətirən isə məhz Azərbaycan və Prezident İlham Əliyevdir. Nəzərə alaq ki, bu qurum 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Naxçıvanda təsis olunub. Hazırda təşkilatın 5 daimi, 3 müşahidəçi üzvü var. Ötən illər ərzində bu təşkilat beynəlxalq aləmdə və ölkələrin üzləşdiyi problemlərin həllində çox böyük uğurlara imza atıb. Məhz buna görə də hər bir Türk dövləti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Təsadüfi deyil ki, bu məqam Qarabağ Bəyannaəməsində ayrıca bənd kimi qeyd edilib:
“TDT-nin Dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkürünü bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər”.
Bu vacib məqam bütün liderlərin çıxışlarında yer alıb. Məsələn, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bəyan edib ki, Türk dünyasının mənəvi paytaxtı olan Şuşada, azad olunmuş bu gözəl torpaqlarda Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə Zirvə görüşündə olmaqdan məmnundur: “Əvvəlcə, bu günə qədər Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi böyük dəstəyə və bizi Şuşa Zirvəsinə dəvət etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə çox təşəkkür edirəm”.
Zirvə görüşündə çıxış edən Macarıstanın Baş naziri Viktor Orban Şuşada keçirilən bu mötəbər tədbirə dəvətə görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib:
“İlk növbədə, icazə verin, Prezident Əliyevə Şuşada bizi qəbul etdiyinə və sizi burada görmək imkanı yaratdığına görə minnətdarlığımı bildirim. Hazırda regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə, Prezident Əliyevə dərin ehtiramımızı bildiririk. Arzu edirik ki, bu fürsət ən qısa zamanda Avropada da əldə edilsin”.
Digər Türk dövlətlərinin liderləri də Azərbaycan Prezidentinin qətiyyətini, prinsipiallığını və fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanın qlobal çağırışların müzakirə olunduğu bir mərkəzə çevrildiyini xüsusi vurğulayıblar. Bu mənada bütün Türk dövlətlərinin liderləri bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransında fəal iştirak etməklə yanaşı, tədbirin yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni edəcəklərini bəyan ediblər.
Bu da özlüyündə Azərbaycanın regional gücdən beynəlxalq aktora çevrilməsinin əyani sübutudur.
Natiq Səlim
KONKRET.az