Türk dünyasının sahib olduğu MİSİLSİZ SƏRVƏTLƏR: “Böyük Turan”ın qurulmasına buna görə imkan vermirlərbackend

Türk dünyasının sahib olduğu MİSİLSİZ SƏRVƏTLƏR: “Böyük Turan”ın qurulmasına buna görə imkan vermirlər

Türkiyənin  33-cü baş naziri olmuş Nəcməddin Ərbəkanın vaxtilə Cənubi Qafqaz bölgəsi haqqında səsləndirdiyi fikirlər dinləyənləri sözün əsl mənasında şoka salır. Onun yaşadığımız bölgə haqqındakı açıqlamalarına nəzər yetirdikcə, bu coğrafi məkana dünya dövlətlərinin niyə böyük maraq göstərdiyini anlamaq çətin olmur. Hələ Sovet imperiyası vaxtından başlayan bu marağın müasir dövrümüzdə daha da genişləndiyini hər birimiz müşahidə edirik. Tarix boyu müsəlmanları əzmək və Türk dünyasının sahib olduğu yeraltı və yerüstü sərvətləri mənimsəmək istəyən dünya güclərinin Cənubi Qafqazda toqquşan maraqları bu gün də bölgədə mövcud olan bir çox problemlərin başlıca səbəbi sayılır.    

Sovet hökumətinin dağılmasından sonra imperiyanın tərkibindən ayrılan müsəlman dövlətləri müstəqil inkişaf mərhələsinə qədəm qoysalar da, bölgənin hədsiz sərvətə sahib olması və əlverişli coğrafi mövqedə yerləşməsi müasir Rusiyanın və bununla bərabər ABŞ, Fransa və digər Qərb dövlətlərinin Cənubi Qafqaza ayaq açması ilə nəticələndi. Məhz bu səbəbdəndir ki, Cənubi Qafqaz hazırda beynəlxalq güclərin mübarizə məkanına çevrilib. Lakin Nəcməddin Ərbakan bölgə dedikdə təkcə Cənubi Qafqazı nəzərdə tutmur, bura Orta Asiyanı, Rusiyanın tərkibindəki türk dövlətlərini (Tatarıstan, Başqırdıstan, Yakutiya və sairə), SSRİ-dən ayrılan 15 respublikanı, bir sözlə “Böyük Turan” dünyasının ərazisini nəzərdə tutur.

Dünya xəritəsinə nəzər salsaq, qarşımızda 22 milyon kvadrat kilometrlik bir bölgə olduğunu görə bilərik. Amerikanın 9, Avropanın isə 6 milyon kvadrat kilometr olduğunu nəzərə alsaq, yaşadığımız bölgənin necə böyük  bir nüfuza sahibləndiyini təsəvvür etmək çətin deyil. Asiyanın ölçüsü 44 milyon kvadrat kilometrdir. Bu isə o deməkdir ki, bölgəmiz Asiyanın yarısı qədərdir.

Nəcməddin Ərbakan hələ o vaxt bölgədə 300 milyon insanın yaşadığını, bu qədər adamın keçmiş 15 respublikada, həmçinin 18 muxtar vilayətdə cəmləndiyini açıqlayır. Bu böyük regionun dünyanın ən qiymətli mədənlərinə, əkin sahələrinə sahibləndiyini dilə gətirir. Başqa sözlə desək, dünyanın sərvətinin yarısından çoxu məhz Orta Asiyada, Rusiya tərkibindəki türk respublikalarında, muxtar vilayətlərdə, eləcə də Cənubi Qafqazda cəmlənib.  Belə ki, dünyada məlum olan 100 faizlik dəmir ehtiyatlarının 40 faizi sözügedən regionda yerləşir. Bundan başqa, müsəlmanların məskunlaşdığı ərazilər təbii qaz, neft, yanacaq, kömür ehtiyatları ilə ən zəngin bölgə sayılır. Fosforit, qızıl, gümüş, almaz, briliant ehtiyatlarının yarıdan çoxu da məhz Türk dünyasının payına düşür. Onların illik istehsalı 600 min tondur. Qaz hasilatı isə 750 milyard kub metr təşkil edir. Bölgə ildə 165 milyon ton polad istehsal edir. Dünyadakı meşələrin üçdəbiri buradadır və 220 milyon hektar əkin sahəsinə sahibdir.

Bölgədə 150 min kilometr uzunluğunda dəmir yolu mövcuddur. Bundan başqa, təkcə Qazaxıstanda 150 min kvadrat kilometr avtomobil yolu və 14 min kilometr dəmir yolu var. Söhbət həm də  illik 1,7 trilyon, yəni Türkiyədən 25 dəfə çox elektrik enerjisi istehsal edən bir regiondan gedir.

Regiondakı 300 milyon insanın 115 milyonu müsəlmandır. Müsəlmanların qaldığı bölgə 8 milyon kvadrat kilometr ərazini əhatə edir. Bütün qiymətli mədənlər müsəlmanların yaşadığı bölgədə yerləşir. Hələ o vaxt Sovet qızılının 100-də 54 faizini müsəlmanlar istehsal edib. Müsəlmanlar həm də dünyada sürətlə çoxalır, slavyan irqinin təsiri isə aşağı düşür. Nəcməddin Ərbakan hələ o vaxt deyirdi ki, 2000-ci ilə qədər müsəlmanların sayı 20 milyon artacaq.

Bütün bunlar onu göstərir ki, “Böyük Turan” adlandırdığımız region təbii sərvətlərinə görə dünyada xüsusi yer tutur. Məhz buna görə də, dünyanın diqqət mərkəzindədir və böyük güclər “Turan” planının həyata keçməsinə imkan vermək istəmir. Ancaq gec-tez, müsəlmanlar birləşərək “Böyük Turan” imperiyasını yaradacaqlar və dünyanı türklərin idarə edəcəyi gün elə də uzaqda deyil.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*