Rusiya, Türkiyə və Azərbaycanın Qafqazdan keçən Qədim İpək Yolu marşrutlarına nəzarət etməkdə üst-üstə düşən maraqları var. Ankara ilə Bakının yaxınlaşmasına Moskvanın sakitcə baxması da məhz bununla bağlıdır. Hələ Pekini demirəm. O da Moskva kimi əsas nəzarətin Bakının və Ankaranın əlində olmasını istəyir.
Hazırda Türkiyə-Azərbaycan münasibətlərində baş verənlərin dinamikasını və qloballaşmanı diqqətlə izləməklə hadisələrin sonrakı inkişafı barədə dəqiq fikirlər söyləmək olar. Əvvəlcə konkret faktlar haqqında. Türkiyə parlamenti Azərbaycanla hərbi əməkdaşlıq haqqında Şuşa Bəyannaməsini ratifikasiya etdi. Bunu Azərbaycan parlamenti xeyli əvvəl etmişdi. Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran bu günlərdə deyib ki, “Ankara və Bakı özlərinin unikal iki dövlət-bir millət prinsipini daha da dərinləşdirmək məqsədilə milli təhlükəsizliklə bağlı müntəzəm görüşlər keçirəcəklər”.
Onun sözlərinə görə, “bu əməkdaşlığın şərtləri bu sahədə, o cümlədən “iki müttəfiq arasında təhlükəsizlik sahəsində” hadisələrin inkişafından asılı olaraq müxtəlif üsullarla həyata keçiriləcək.
Hadisələrin bu cür inkişafı belə deməyə imkan verir ki, tərəflər bəyanatda deyildiyi kimi, “regional və qlobal təhlükəsizlik” kontekstində ümumi potensial təhdidləri çox aydın başa düşürlər. Amma açıq şəkildə Türkiyə və Azərbaycan heç bir xarici düşmənə işarə etmir. Türkiyəli ekspertlərin fikrincə, burada iki prezident – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev üçün əsas məsələ “regionda cərəyan edən geosiyasi qeyri-sabitliyə və digər sürprizlərə hazır olmaq istəyidir. Amma dəqiq nə? Bununla bağlı bəzi analitiklər “Türkiyə və Azərbaycan anti-Rusiya ittifaqı hazırlayır” deyirlər. Amma bu nöqteyi-nəzər Rusiyaya siyasi simpatiyadan uzaq olan britaniyalı alimlər tərəfindən qəbul olunmur. Onlardan biri Conatan Koen əmindir ki, “Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra əraziləri geri aldığını və qalib gəldiyini anlayaraq risklərdən qaçır və daha az pul xərcləmək istəyir. Yəni Rusiya ilə mövcud münasibətləri qorumağa çalışırlar”. Bu məsələnin birinci tərəfidir.
İkinci məqam. Türkiyənin resurslarından öz maraqları üçün uğurla istifadə edən Əliyev türkiyəli ekspert Engin Özerin qeyd etdiyi kimi, “Ankara ilə faktiki müttəfiqlik münasibətlərini rəsmiləşdirir”. Amma o, Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılmasına hələ ki getmir. Çünki bu, Rusiya üçün də xoş deyil və Ermənistanla yeni qarşıdurma üçün əlavə problemdir. Azərbaycan sürətlə inkişaf edir. Yeni yollar, otellər, hava limanları tikilir. Ona görə də Azərbaycan yeni müharibəyə hazırlaşmır. Ancaq bir məsələ var. Söhbət “Zəngəzur dəhlizi” adlanan və Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək dəhlizdən gedir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüş üçün belə bir marşrutun yaradılmasını şərt kimi qoyub. Amma bu dəhliz xarici qüvvələr tərəfindən Çinin “Bir kəmər, bir yol” layihəsinin məntiqinə uyğun olaraq qəbul edilə bilər. Və Qərbin qısqanclığına səbəb ola bilər.
Artıq geosiyasi üfüqdə şimşəklər çaxıb. Əfqanıstanla Pakistan arasında Durand xəttində sərhəd münaqişəsi alovlanır, müəyyən qüvvələr Talibanı (Rusiya Federasiyasında fəaliyyəti qadağan olunmuş təşkilat) Pakistan istiqamətinə yönləndirməyə başlayıb. Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Junun sözlərinə görə, “terror təhdidləri Şərqi Türküstan İslam Hərəkatı və Türküstan İslam Partiyasından” gəlməyə başlayıb.
Yəni marşrut üzrə Azərbaycan və Ermənistandan keçərək Türkiyəyə gedən yeni Böyük İpək Yolunun əsas halqası kimi kiminsə Əfqanıstanın özündə və onun ətrafındakı vəziyyəti qarışdırmaq üçün hazır qüvvələr var. Burda başqa mühüm strateji məqamlar da var. Bunlar qarışıq ölkələridir (Suriya, Fələstin, Livan). Bu da o deməkdir ki, yaxın gələcəkdə Əfqanıstana sahib olan Yaxın Şərqdən-Asiyadan Avropaya gedən əsas dəniz və quru yollarına nəzarət etdiyi kimi, kontinental Avrasiyanın nəqliyyat arteriyalarına nəzarət etmək imkanına malik olacaq. Beləliklə, Rusiya, Türkiyə və Azərbaycanın Qafqazda (hələlik) İpək Yolunun mümkün marşrutlarına nəzarət etmək üçün ümumi qüvvələri səfərbər edir.
Fikrimizcə, Moskvanın bu regionda balanslaşdırılmış, strateji cəhətdən uyğunlaşdırılmış və resursa qənaət siyasəti bundan qaynaqlanır. Türkiyə ilə Azərbaycanın yaxınlaşması ilə bağlı Rusiyanın sakitliyi də məhz bundan irəli gəlir. Və bu məsələdə Rusiyanın maraqları Çinin maraqları ilə üst-üstə düşür. Ona görə də Pekin Bakı ilə Ankaranın müttəfiqliyinə siyasi qısqanclıqla yanaşmır.
Bu, Türkiyə və Azərbaycan liderlərinin 2021-ci ilin iyununda imzaladığı Şuşa Bəyannaməsi haqqında da nəsə deyir. Belə ki, Bakı ilə Ankaranın son yaxınlaşması zərurətdən doğub. Və bu bəzi fikirlərdə səslənən “Azərbaycanın Türkiyə tərəfindən mənimsənilməsi” deyil. Eyni zamanda, Türkiyənin müdafiə naziri Hulusi Akarın qeyd etdiyi kimi, “bölgə çətin dövr yaşayır və Ankara hadisələri diqqətlə izləyir”. Yalnız Mərkəzi Asiyanın ən böyük türkdilli ölkəsi olan Qazaxıstanda baş verən son hadisələr Türkiyənin türk məkanı dünyasında böyük oyun oynamaq imkanlarının məhdud olduğunu göstərdi.
Eyni zamanda, Moskva ilə münasibətlərdə gələcək konfliktlərin olmayacağına bir işarədir. Yaxın Şərq üzrə ekspert Basil Əl-Hacı Casem deyir ki: “Qazaxıstanda Rusiyanın Türkiyədən öndə olduğunu söyləmək çətindir. Onların bir-biri ilə tamamilə fərqli münasibəti var. Bəli, rəqabətsiz deyillər, lakin tərəflər bu ölkədə və ya bütövlükdə regionda hələ münaqişə və qarşıdurma mərhələsinə gəlib çatmayıblar”.
Nəhayət onu da deyək ki, Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə bir növ şəxsi münasibət qurub. Halbuki bunu onun bir çox Qərb liderləri ilə münasibəti haqqında söyləmək olmaz. Heç kim bunu qurban vermək istəmir. Buna baxmayaraq, Rusiya və Türkiyə real hərbi-siyasi ittifaq yaratmaq fikrindən uzaqdırlar və bəlkə də heç vaxt ittifaq bağlamayacaqlar. Söhbət strateji tərəfdaşlıqdan yox, taktiki maraqların üst-üstə düşməsindən gedir. Hələlik bu qədər.
Stanislav Tarasov, 11 fevral 2022-ci il.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az