“Türkiyə ilə konfederasiyanın ağır nəticələri ola bilər” – İLGİNC AÇIQLAMAbackend

"Türkiyə ilə konfederasiyanın ağır nəticələri ola bilər" - İLGİNC AÇIQLAMA

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov KONKRET.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Anar müəllim, Rusiya sülhməramlılarının Qarabağdakı təxribatları intensiv hal alıb. Onlar Azərbaycanın torpaqlarında möhkəmlənmək üçün hər şey edirlər. Ümumiyyətlə, Rusiya sülhməramlılarını nə vaxtsa buradan çıxara biləcəyikmi?

– Xüsusi olaraq qeyd edim ki, indiki şəraitdə ermənilər çabalayırlar. Onları heç kəs, eləcə də Rusiya xilas edə bilməz. Tarix boyu Rusiya bu torpaqlara gəlib və daha sonra tərk etmək məcburiyyətində qalıb. Hansı məqsədlə gəlibsə də, sonda yenə çıxıb gedib. 1918-ci ilin noyabr ayında da ingilis qoşunları Bakıya daxil oldu, amma 1919-cu ilin avqust ayında özləri könüllü şəkildə çıxıb getdilər. Hətta getmək istəməsələr belə, zaman öz sözünü deyir. Digər tərəfdən, imperiya maraqlarının həmişə sonu olub. Təsəvvür edin, Birinci Dünya Müharibəsi başa çatanda 4 imperiya xəritədən silindi. Onlardan biri də Çar Rusiyası idi.

– Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı iddialar var. Siz necə düşünürsünüz?

– Bilirsiniz, mən tarixçiyəm və faktlar üzərində danışıram. Heç bir hadisə ehtimallar üzərində qurulmamalıdır. Belə iddialar poltitoloqların işidir, proqnoz alınmayanda da başqa şey deyirlər. Mən ölkəmizdə referendumun keçirilməsi üçün şərait və şərtləri görmürəm.

– Telekanallarımızın fəaliyyəti Prezident İlham Əliyevin addımlarına adekvatdırmı?

– İlham Əliyev 10 milyonluq Azərbaycanın və bütün Türk dünyasının qəhrəmanıdır. 30 ildir ümidimiz kəsilmişdi, ancaq o, torpaqlarımızı bərpa elədi. Düşünürəm ki, Prezidentin siyasətinin təbliği baxımından telekanallarımız xeyli işlər görürlər. Əvvəlki illərə nisbətən telekanallarımızın fəaliyyətində çox böyük və müsbət fərqlər var.

– Seçildiyiniz rayonda hansı problemlər var? İnsanların durumu, işsizliyin səviyyəsi necədir?

– Ölkənin hər hansı bölgəsində hansı problemlər varsa, o problemlər Masallıda da var. Təbii ki, Masallıda bir az da çoxdur. Niyə çoxdur? Çünki Masallı kənd rayonları içərisində əhalisi ən çox olan rayondur. Rayonun 230 mindən artıq əhalisi var. Ümumilikdə xalqın hansı uğurları varsa, o uğurlar Masallıda da var. Hər həftə mənim seçilcilərlə görüşüm olur. Heç bir deputatın fəaliyyətinə kölgə salmaq istəmirəm, ancaq mən hər həftə öz doğulduğum rayonda – Masallıdayam. İmkanım daxilində çalışıram ki, problemi olan insanlara kömək edim. Bu, mənim borcumdur. Mən 30 yaşımda deputat seçilsəydim, bəlkə də çətinliklərim çox olardı. Amma adam 64 yaşımda deputat seçilirsə, kifayət qədər təcrübə, əlaqələr də bu məsələlərdə ciddi rol oynayır. Qazandığım təcrübə mənim köməyimə çatır.

– Son zamanlar Azərbaycanla Türkiyə arasında konfederasiyanın yaradılması təklifi ilə çıxış edənlər də var. Bu ideya nə dərəcədə realdır?

– Belə təkliflər həmişə olub. XX əsrin əvvəllərində də belə təkliflər var idi, həmin əsrin sonlarında da… Konfederasiyanın ağır nəticələri var. Vaxtilə Misirlə Suriya birləşdi, acı nəticəsi oldu. Çexiya ilə Slovakiya birləşmişdi, bunun da acı nəticələri oldu. Fikirləşirəm ki, buna ehtiyac yoxdur. “Bir millət, iki dövlət” ideyası daha gözəl tezisdir. Türk dünyası güclü olmalıdır. Ancaq konfederasiya yaradılsın, iki dövlət birləşsin və bir paytaxt olsun, bütün bunlar sadəcə nağıllardır. Onsuz da Türkiyə ilə mütəffiqlik haqqında müqavilələrimiz var. Atatürk demişdi ki, Azərbaycanın uğuru bizim uğurumuzdur, kədəri bizim kədərimizdir. Heydər Əliyev də deyirdi: “Bir millər – iki dövlət”.

– Rusiya Ukraynaya təcavüz etsə, Azərbaycanın mövqeyi necə olmalıdır?

– Təbii ki, Azərbaycan bitərəf mövqedə dayanmalıdır. Azəbaycanla Ermənistan arasında müharibə gedəndə Ukrayna hansı mövqeni sərgilədi? Bitərəf. Bəs Rusiya? O da bitərəf. Azərbaycan Qoşulmama Hərəkatının sədridir və özünün müstəqil siyasəti var. Təbii ki, biz həmişəki kimi bundan sonra da beynəlxalq hüququn yanında olacağıq. Bizim nəyimizə lazımdır ki, kimlərinsə arasındakı problemlərə müdaxilə edək? Rusiya Azərbaycanın qonşusudur, Ukrayna ilə də çox gözəl münasibətlərimiz var. İstəmərik ki, müharibə olsun. Bilirsiniz ki, Prezident İlham Əliyev də Ukraynaya səfər etmişdi. Azərbaycanın məqsədi sülhə barışığa nail olmaqdır.

Müsahibəni apardı: Ənvər Şüküroğlu,

KONKRET.az

  • Garachanta
    Fevral 25, 2022 - 07:38

    siz gedin rus gavurları ilə konfederasiya qurun….Qarabağ müharibəsində Ukrayna Azərbaycanın tərəfində oldu, bitərəf olmadı….siz milləti niyə aldadırsınız

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*