Türkiyə-İsrail münasibətləri yeni fazaya keçir – Azərbaycan üçün nəticələr necə olacaq? – ÖZƏL AÇIQLAMAbackend

Türkiyə-İsrail münasibətləri yeni fazaya keçir - Azərbaycan üçün nəticələr necə olacaq? - ÖZƏL AÇIQLAMA

Uzun müddətdir münasibətlərində soyuqluq müşahidə olunan Türkiyə və İsrail yenidən əlaqələri isti fazaya keçirmək qərarına gəlib. İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə gözlənilən səfəri belə qənaətə gəlməyə əsas verir. Bəs bu səfərdən gözləntilər nədir?.

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, İsrail prezidentinin Türkiyəyə səfərə gəlməsi və tərəflər arasında görüşün keçirilməsi artıq münasibətlərin isti fazaya keçməsindən xəbər verir: “Bu, müsbət hadisədir. Yaranmış gərginliklər münasibətlərə xələl gətirirdi. Sonda hər iki tərəf anladı ki, bölgədə bir-birinə yaxın iki dövlət məhz Türkiyə və İsraildir. Netanyahunun getməsi ilə münasibətlər də dəyişdi. Görünür müəyyən bir zamana ehtiyac vardı. Türkiyənin əleyhinə istifadə olunan bəzi məsələlər (kürd və “erməni soyqırımı”) var idi ki, İsrailin də qəbul etməsinə çalışırdılar. Bu məsələlər artıq arxa plana keçdi. Ona görə də, bu, Türkiyə üçün çox yaxşıdır. Eyni zamanda əlaqələrin bərpa edilməsi İsrail üçün də müsbət haldır. Çünki NATO üzvü olan ölkə ilə münasibətləri  yaxşılaşdı. Hesab edirəm ki, Türkiyə-İsrail münasibətləri bundan sonra daha yaxşı inkişaf edəcək. Əsas odur ki, bölgədəki təhlükəsizlik məsələləri həllini tapacaq və başqa qüvvələrin bu iki ölkənin münasibətindən bir-birinə qarşı istifadəsinin qarşısı alınacaq”.

İlham İsmayıl: "RUSİYA AZƏRBAYCANIN YANINDA OLMAYACAQ" - MÜSAHİBƏ

Ekspert əlavə edib ki, Azərbaycanın hər zaman İsraillə yaxşı münasibətləri olub: “Bizim xarici siyasətimizin ən uğurlu tərəflərindən biri İsraillə daim müsbət əlaqələrimizin qurulmasıdır. Türkiyə isə bizim qardaş ölkəmizdir. Odur ki, yaxşı münasibətdə olduğumuz İsraillə qardaş Türkiyənin münasibətlərinin pis olması bizim ümumi işimizə xələl gətirirdi. Təbii ki, Türkiyə və İsrailin münasibətlərinin yaxşılaşması bizim üçün də vacib və əhəmiyyətlidir. Ola bilər ki, Azərbaycanın da bu iki ölkənin münasibətlərinin yaxşılaşmasında müəyyən müsbət rolu var. Artıq heç bir arxa plan gözləmədən hər kəs həm öz, həm də ümumi maraqları çərçivəsində fəaliyyət göstərəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*