Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 minlik nizami ordu yaratmaqda dəstək verəcək. Onun formalaşmasında türkiyəli hərbi məsləhətçilər və mütəxəssislər iştirak edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Suriyanın yeni rəhbərliyini təmsil edən general Əhməd Osman bildirib ki, məqsədimiz 1-1,5 il ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki mürəkkəb vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir. Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 minlik silahlı qüvvələrin onurğa sütunu formalaşacaq, ən qısa müddətdə isə sayı 150-200 min nəfərə çatacaq:
“Yaradılacaq orduya İdlibdən olan Heyət Təhrir əş-Şam qruplaşmasının 40 minə yaxın üzvü, Azad Suriya Ordusundan 50 min nəfər, həmçinin Əsəd rejiminin cinayətlərində əli olmayan hərbçilər və kəşfiyyatçılar daxil olacaq. Bu platformada hərbi dəstək müstəsna əhəmiyyət kəsb edir”,- deyə Osman qeyd edib. Türkiyə hərbi kontingenti isə Suriyanın beş nöqtəsində yerləşdiriləcək.
Vəli Həsənoğlu,
KONKRET.az