Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçilik missiyasını davam etdirməyə hazır olduqlarını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Bloomberg agentliyinə müsahibəsində bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski ilə birbaşa dialoq qura bilən yeganə aktordur.
“Türkiyə hər üçümüz üçün qapıları açıq saxlayan ölkədir”, – deyə o vurğulayıb və Ankaranın münaqişənin nizamlanmasında strateji üstünlüyə malik olduğunu qeyd edib.
Türkiyə lideri müsahibədə ölkəsinin ABŞ-ın rəhbərlik etdiyi F-35 qırıcıları proqramına yenidən qoşulmaq niyyətini də açıqlayıb. Onun fikrincə, bu addım Vaşinqtonla münasibətləri möhkəmləndirəcək və NATO-nun təhlükəsizliyini gücləndirəcək.
Ərdoğan bildirib ki, təxminən on il əvvəl Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri alması səbəbilə yaranan gərginliklərin aradan qaldırılması üçün ABŞ Prezidenti Donald Trampla şəxsi əlaqələrindən istifadə edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
