Türkiyə-Yunanıstan gərginliyinin İLGİNC SƏBƏBLƏRİ – Hüseyn Işıksalla EKSKLÜZİV MÜSAHİBƏbackend

Türkiyə-Yunanıstan gərginliyinin İLGİNC SƏBƏBLƏRİ – Hüseyn Işıksalla EKSKLÜZİV MÜSAHİBƏ

Şimali Kipr Türk Respublikası Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri, professor Hüseyn Işıksal son günlər artmaqda olan Türkiyə-Yunanıstan gərginliyi, bu prosesdə Şimali Kiprin yeri və rolu, həmçinin mövcud vəziyyət və gedişatla bağlı KONKRET.az-a eksklüziv müsahibə verib.

– Hüseyn bəy, Türkiyə-Yunanıstan gərginliyində əsas problem nədən ibarətdir?

– Son zamanlar Yunanıstanın Türkiyəyə qarşı tələbləri və hücumları daha da artıb. Əslində sonu görünməyən bu prosesin xüsusən də 15 iyul dövlət çevrilişinə cəhd hadisəsindən sonra daha da artdığına şahid oluruq. Belə olan halda, haqlı olaraq bu sual ortaya çıxır: Türkiyə-Yunanıstan gərginliyində əsas problem nədir? Yunanıstan 1829-cu ildə Osmanlı İmperiyasından müstəqillik əldə edəndən sonra “Meqali İdea” yəni, “böyük fikir” siyasəti ortaya çıxdı. Bu siyasi ideyaya əsasən, yunanca danışan bütün bölgələr yeni qurulan dövlətin tərkibinə qatılmalı idi. Bu ideya yunan xarici siyasətinin bu günə qədər davam edən əsas bloklarından birini təşkil edir.

Yunan dövlətinin sərhədlərinin həmin tarixdən sonra təxminən üç dəfə genişlənməsinə baxmayaraq və aralarında türk əhalisinin çox olduğu 12 ada da daxil olmaqla Egey dənizindəki demək olar ki, bütün adalara hakim olmasına rəğmən, onlar bu fikirdən heç vaxt imtina etməyiblər. Bu ideyanın ən önəmli iki hədəfi isə Aralıq dənizinin ən böyük 3-cü adası olan Kipri federasiya damı altında yunanların ixtiyarına verərək Türkiyəni cənubdan tamamilə sıxışdırmaq, adalar (Egey) dənizində ərazi sularını 12 milə çıxararaq Türkiyəni təxribata çəkməkdir. Unikal coğrafi şəraitinə görə iki ölkə arasında dəniz sərhədi razılaşması olmayan Egey dənizində hər iki ölkə də 6 mil ərazi sularına sahibdir. Buna rəğmən, Yunanıstan Türkiyənin qoşulmadığı 1982-ci ildə imzalanan Beynəlxalq Dəniz Hüququ Konvensiyasına istinad edərək ərazi sularını 12 milə çıxarmaq istəyir. Türkiyə isə haqlı olaraq belə bir həmlənin “müharibə səbəbi” (casus bəlli) olacağını açıq şəkildə bəyan edib. Yunanıstan həm də beynəlxalq hüquqa görə, qapalı dəniz statusu daşıyan Şərqi Aralıq dənizində adaların kontinental şelf (materik torpaqlarını orta hesabla 200 metr dərinliyə qədər əhatə edən sualtı platformadır ki, bu da aşağı yamacın orta eni 90 kilometrə çatır. Bu baxımdan, böyük iqtisadi əhəmiyyətə malikdir) və xüsusi iqtisadi zona olması iddiasıyla sadəcə Egey dənizində deyil, Şərqi Aralıq dənizində də gərginliyi artırmağa çalışır.

Bir sözlə, yunan tərəfi əlində yeganə rıçaq olan adalardan istifadə edərək Şərqi Aralıq dənizində ekspansionist siyasət həyata keçirir. Həmçinin, Egey və Şərqi Aralıq dənizlərində suveren ərazilərini mümkün qədər genişləndirərək Egey dənizini sadəcə yunan gölünə çevirmək, bununla da Türkiyəni Şərqi Aralıq dənizində kontinental şelf hüquqlarını heçə sayaraq Antalya körfəzində həbs etmək istəyir.

Yunanıstanın maksimalist tələbləri qəbul edilsə, Egey dənizində 43/100 olan ərazi suları 71/100-ə, açıq dənizlərin nisbəti isə 49/100-dan 19,7/100-ə enəcək. Yenə bənzər şəkildə, Şərqi Aralıq dənizində Türkiyənin xüsusi iqtisadi zonası təxminən 80/100 civarında kiçilərək 189 min kilometrdən 41 min kilometrə qədər kiçiləcək. Beləliklə, Egey dənizi bir yunan gölünə çevrilərək Türkiyənin açıq dənizlərə və ətraf ərazilərə çıxışını məhdudlaşdıracaq. Yunanlar bununla regional siyasətdə rəqibsiz bir aktora çevrilmək istəyir.

– Bəs, Şimali Kipr bu qarşıdurmada hansı rola malikdir?

– Yunanlar az əvvəl qeyd etdiyim strategiyanın həyata keçməsi üçün Şərqi Aralıq dənizində ən uzun sahil zolağına malik ölkə olan Türkiyəni regional ittifaqlar quraraq təkləmək və kiprli türklərin daxil edilmədiyi enerji və təhlükəsizlik nizamı yaratmağa çalışırlar. Bu strategiyanın Kipr tərəfinə baxanda, Cənubi Kipr yunan administrasiyası eynilə Yunanıstanın Egey dənizini bir yunan gölü olaraq gördüyü kimi, bütün adanı öz “vətəni” kimi tanıdıb Kipri yenidən “birləşdirəcəyini” söyləyir. Yunan administrasiyası eyni zamanda, Kiprdə “əcnəbi əsgər” olaraq təqdim etdiyi Türkiyənin bölgədə həyata keçirdiyi hərbi varlığını qeyd-şərtsiz sona çatmasını təmin edərək, Yunanıstanın Türkiyəni Cənubdan mühasirəyə almaq siyasətini yekunlaşdırmağa çalışır. Bununla da Türkiyənin son zamanlarda kəşf edilən karbohidrogen yataqları ilə geosiyasi önəmi daha da artan Kiprdə həm siyasi, həm də dəniz yurisdiksiyası baxımından güzəştə gedəcəyinə ümid edir.

Lakin bu məqamda unutmaq olmaz ki, Şimali Kipr Türk Respublikasının əhəmiyyəti hər gün daha da artır. Türk dünyasının cənubunda yerləşən müstəqil türk respublikası olan Şimali Kiprin yerləşdiyi Kipr adası 3 qitənin kəsişməsində yer alan Aralıq dənizinin 3-cü böyük adasıdır. Elə bu baxımdan, Kipr həmişə “heç vaxt batmayan sualtı qayıq” kimi təsvir edilib.

– Şimali Kipr Türk Respublikasının müstəqilliyi beynəlxalq çərçivədə tanınsa, bu problem həll ola bilər?

– Şimali Kipr dünya ölkələri tərəfindən tanınsa, Cənubi Kipr və Yunanıstanın bu təcavüzkar və imperialist siyasəti, şübhəsiz ki, cilovlanacaq. Çünki qeyd etdiyim kimi, Yunan-Cənubi Kipr tərəfinin təcavüzü, xüsusən də meydanı boş görəndə daha da həyasızlaşır. Cənab Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatındakı çıxışında vurğuladığı kimi, Türkiyə ilə siyasi və hərbi müstəvidə heç vaxt bərabər ola bilməyəcək Yunanıstan yalnız bəzi xarici dövlətlərin dəstəyi və təxribatı ilə güc nümayişi tətbiq edib, gərginlik strategiyası ilə nələrsə əldə etməyə ümid edir. Lakin Şərqi Aralıq dənizində sülh və sabitliyin davam etməsi yalnız bütün tərəflərin hüquq və qanunlarına hörmət edilməsindən asılıdır. Bu kontekstdə adanın reallıqlarına əsaslanacaq əməkdaşlıq modeli, yəni iki ayrı xalqın və iki ayrı dövlətin varlığının qəbulu ən ədalətli, davamlı və real həll yoludur.

– O zaman Türkiyənin Yunanıstanı birdəfəlik dayandırması üçün nə etməlidir?

Bu nöqtədə Türkiyənin beynəlxalq hüquqdan irəli gələn hüquqlarını fəal şəkildə müdafiə etməyə davam etməsi, bunu edərkən isə həm meydanda mübarizəsini artıraraq, həm də regional dövlətlərlə əməkdaşlığı inkişaf etdirərək ona qarşı qurulmağa çalışılan ittifaqları parçalaması lazımdır. Çünki bu gedişat yunanların Türkiyənin güzəştə getmə xəyallarının reallıqlara üzləşməsinə böyük tövhə verəcək.

– Şimali Kipr baş verənlərə və gərginliyə necə müdaxilə edə bilər?

– Türklüyün varlığı uğrunda mübarizə çox şərəfli, lakin çətin bir işdir. Bu mübarizəni davam etdirmək üçün dünyanın harasında olsaq da, çiyin-çiyinə verərək, həmrəylik içində bir-birimizi hər zaman müdafiə etmək məcburiyyətindəyik. Biz cənubdakı türk dövləti olaraq Vətənimiz Türkiyənin də davamlı dəstəyi ilə bu mübarizəni Şərqi Aralıq dənizində davam etdiririk.

Kipr Türkiyə Respublikasının təhlükəsizliyi, qitə şelfi, Xüsusi İqtisadi Zona, hava məkanına nəzarət və Türkiyənin strateji müdafiə dərinliyi baxımından böyük əhəmiyyət kəsb edir. Yəni Kipr Türkiyə və türk dünyası üçün sadəcə bir torpaq parçası deyil. Türkiyə ilə Şimali Kipr Türk Respublikasının maraqlarının tamamilə üst-üstə düşdüyü bu məqamda Şimali Kiprin daxildən və xaricdən güclənməsi böyük əhəmiyyətə malikdir.

– Hazırda Şimali Kiprin beynəlxalq əlaqələri və mövcud vəziyyəti nə yerdədir?

– Bir çox beynəlxalq əlaqələr və hüquq ekspertləri Şimali Kiprin dövlət olması üçün bütün şərtləri yerinə yetirdiyinə dair fikirlərini bildirirlər. Şimali Kipr çox yaxşı qorunan və sərhədi olan bir əraziyə, suverenliyi altında olan bu torpaqlarda iqtisadi həyatın davam etdirilə biləcəyi əhəmiyyətli bir nüfuza, dövləti və bütün qurumları ilə davamlı bir quruluşa və 20 ölkədə fəaliyyət göstərən nümayəndiliyi ilə xarici ölkələrlə də əlaqələr qurmaq qabiliyyətinə malikdir. Üstəlik, çox demokratik bir sistemə də sahibdir. Bütün bu faktları nəzərə alsaq, Şimali Kiprin tanınmasının qarşısındakı yeganə maneənin siyasi şərhlər olduğunu deyə bilərik. Şimali Kipri rəsmən tanıyan Türkiyə və Naxçıvan Muxtar Respublikasını nümunə gətirərək deyə bilərik ki, Şimali Kiprin tanınmasına görə, heç bir sanksiya tətbiq edilmir. Bu mənada, yaxın zamanlarda başda Azərbaycan kimi dost və qardaş ölkələr olmaqla, Şimali Kipr Türk Respublikasının bir çox ölkələr tərəfindən müstəqilliyinin tanınacağını proqonozlşadırıram.

Tamhüquqlu qurum və təşkilatlara malik olan Şimali Kipr Türk Respublikası bir çox sosial-iqtisadi və siyasi problemlərlə məşğul olan dövlətdən qat-qat yaxşı vəziyyətdədir. Bundan əlavə, dünyada dövlət olmaq istəyən, lakin bunu nail ola bilməyən bir çox cəmiyyətlərə nəzər salanda da dövlətimizin nə qədər əhəmiyyətli olduğunu və geri addım atmayacağımızı sizin vasitənizlə bütün dünyaya bəyan edirəm.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*