Türkiyədə 103 admiralın bəyanatından sonra prokurorluq araşdırmalara başladıbackend

Türkiyədə 103 admiralın bəyanatından sonra prokurorluq araşdırmalara başladı

Türkiyə Silahlı qüvvələrinin təqaüddə olan 103 admiralının dünən gecə “Montrö Boğazları Sazişi” ilə əlaqədar yayınladığı bəyanata sərt reaksiya verilib, Türkiyə Baş Prokurorluğu bu bəyanatla əlaqədar araşdırma başladıb.

KONKRET.az-ın  məlumatına görə, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay özünün “Twitter” səhifəsində bildirib ki, dövlət çevrilişinə cəhdi andıran bu cür bəyanatlara görə hər bir halda cavab veriləcək. F. Oktay qeyd edib ki, millətimizin iradəsini və Rəcəb Tayyib Ərdoğanın prinsipial mövqeyini həzm edə bilməyən çevriliş həvəskarları demokratik qurumları, seçilənləri və Türk Silahlı Qüvvələrini tənzimləmək cəsarətinə gəliblər: “Həddinizi bilin”.

R.T.Ərdoğanın sözüçüsü İbrahim Qalın “Twitter” səhifəsində  yazıb ki, bir qrup hərbçinin çevriliş cəhdləri çağırışları onları gülünc vəziyyətə salıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop isə vurğulayıb ki, düşüncələri ifadə etməklə dövlət çevrilişinə cəhd üçün çağırışlar başqa məsələlərdir.

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu özünün “Twitter” səhifəsindən paylaşdığı açıqlamada  bildirib ki, hərbi formanı daşımaq şərəf, təqaüddən sonra isə  bu şərəfi daşımaq daha böyük şərəfdir: “Demokratiyaya, dövlətə və millətə sadiq olan, geyim formasını siyasi material halına gətirməyənləri həmişə minnətdarlıqla xatırlayırıq”.

Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun isə 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdini xatırladaraq bildirib ki,  15 iyula 103 gün qalmış 103 hərbçinin belə bir mesaj verməsi təsadüf deyil: “Bu torpaqlarda son sözü sevgili millətimiz deyir. Bu millət 15 İyulda çevriliş həvəslilərinə necə dərs verdiyini dosta düşmənə göstərdi”.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu d’a məsələyə sərt reaksiya verib: “Heç kimin şübhəsi olmasın. Qəyyumluq müddəti bitdi! Biz buradayıq! Hodri meydan!”.

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib ki, bəyanatda imzası olan admiralların rütbələri çıxarılmalıdır.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək  hüququ verir. Aralarında Türker Ertürk, Deniz Cora kimi Türkiyə ictimaiyyətində tanınmış keçmiş hərbi dəniz donanması komandirləri yer alan 103 istefada olan hərbçi yaydığı bəyanatda “Montrö sazişi”nin pozulması təhlükəsilə əlaqədar buna etiraz edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*