Sentyabrın 1-də heyvansevərlər Türkiyədə sahibsiz itlərin öldürülməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı etiraz aksiyası keçirib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aksiyada minlərlə nümayişçi iştirak edib.
Etirazçılar “sığınacaqlar ölüm düşərgələridir, qanlı qanunu geri götürün” yazılmış plakatlar qaldıraraq qanunun ləğv olunmasını tələb ediblər.
Xatırladaq ki, Türkiyədə Hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı qanun layihəsində ilkin olaraq sahibsiz itlərin sahibləri tapılmadığı təqdirdə (sığınacağa daxil olduqları andan 30 gün ərzində) evtanaziya edilməsi nəzərdə tutulurdu. Bu isə cəmiyyətdə kəskin tənqidlərə səbəb oldu və “evtanaziya” ifadəsi sənəddən çıxarıldı.
İndi insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və ya sağalmaz xəstəliklərdən əziyyət çəkən sahibsiz heyvanlara qarşı evtanizasiya qərarı yalnız mütəxəssislər tərəfindən veriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğan qanunun “sahibsiz it problemi” ilə məşğul olmaq üçün zəruri olduğunu deyib.
Hökumətin hesablamalarına görə, Türkiyədə təxminən 4 milyon sahibsiz it gəzir. Əksəriyyəti zərərsiz olsa da, bir neçə nəfər, o cümlədən uşaqlar hücuma məruz qalıb.
Bütün sahibsiz itlərin küçələrdən çıxarılması üçün kampaniya aparan Təhlükəsiz Küçələr və Yaşamaq Hüququnun Müdafiəsi Dərnəyinin yaydığı hesabatda 2022-ci ildən bəri küçə itlərinin hücumlarında 65 nəfərin öldüyü bildirilir.
Aygün Mirakif,
KONKRET.az