Türkiyənin Antalya bölgəsində turizm sektorunun tanınmış nümayəndələri İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan maliyyə cinayətləri və kriptovalyuta əməliyyatları üzrə istintaq çərçivəsində saxlanılıblar.
KONKRET.az xəbər verir ki, məlumata görə, Serik rayonunda bir neçə otelin sahibi və hotellər qrupunun İdarə Heyətinin sədri H.D., eləcə də Kəmərdə lüks obyektlərə malik holdinqin rəhbəri İ.L. İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
İstintaqla əlaqədar 4 otel meneceri də ifadə vermək üçün İstanbula aparılıb.
Bundan əlavə, çirkli pulların yuyulması şübhəsi ilə aparılan ayrıca araşdırma çərçivəsində beynəlxalq turoperator N.K. və onun bacısı E.K. saxlanılaraq İstanbula gətirilib və dindirilib.
Hazırda istintaqın hər iki istiqaməti üzrə təfərrüatlı araşdırmalar davam edir.
Müşviq Tofiqoğlu
KONKRET.az