Türkiyədəki zəlzələ nəticəsində dağıntıların və həyatını itirənlərin sayının çox olması, Azərbaycanda da insanları qorxuya salıb. Xüsusən də çoxmərtəbəli binalarda yaşayan insanlar təhlükənin çox olması səbəbindən mənzillərini həyət evləri ilə dəyişməyi planlaşdırır. İnsanların həyət evlərinə marağının çoxalması fonunda bu sektorda qiymət artımının olacağı isə istisna edilmir.
Mövzunu KONKRET.az-a şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu hadisə Türkiyədəki binaların keyfiyyətsizliyini ortaya çıxardı: “Zəlzələ nəinki Türkiyənin, eləcə də Azərbaycanın və digər qonşu ölkələrin daşınmaz əmlak sahəsinə, xüsusən də çoxmərtəbəli binaların satışına ciddi təsir göstərəcək. Çünki zəlzələ təkcə Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində baş verir. Görünən odur ki, itkilər və təlafatlar daha çox çoxmərtəbəli binalarda yaşanıb. Zəlzələ zamanı insanların çoxmərtəbəli binalardan çıxması, evakuasiya olunması, lift və ya pilləkənlər vasitəsi ilə qaçmağa çalışması, çoxmərtəbəli binalarda ciddi çətinliklər yaradır. Burada həm də qaçarkən xəsarətlər almaq ehtimalı da çox olur. Belə faktlar insanlarda qorxu və həyəcana gətirib çıxarır. Hal-hazırda Türkiyədə baş verən zəlzələ Bakı sakinlərini də qorxuya salıb. Buna görə də, paytaxt ərazisində yaşayan bir çox insanlar həyət və bağ evlərinə köçməyə çalışır. Əlbəttə ki, bu cür fəlakətlərdən heç kim sığortalanmayıb. Ancaq Azərbaycanda belə güclü zəlzələnin və tələfatın olacağını düşünmürəm”.
Ekspertin sözlərinə görə, Türkiyədə uçan binalara nəzər yetirdikdə onların tikintisində dəmir-metal armaturlardan və beton konstruksiyalardan çox az istifadə edildiyini görürük: “Türkiyədən fərqli olaraq Azərbaycanda çoxmənzilli çoxmərtəbəli binalarda daha çox beton divar və sütunlardan, sıx armaturlardan istifadə olunur. Bu da binanın çökməsinin qarşısını alır. Çoxmərtəbəli binalardan fərqli olaraq paytaxt Bakıda xüsusən istismar müddətini başa vuran minlərlə köhnə tikili mövcuddur. Bunlardan 11 minə qədəri öz istismar müddətini bitirib və 150 bina isə qəzalı kimi qeydiyyata alınıb. Bu baxımdan daha çox təhlükə həmin qəzalı binalarda mövcuddur. Xırda tərpəniş belə onların uçmasına səbəb ola bilər. Eyni zamanda həmin binaların zirzəmiləri çirkab sularla doludur, artırılmış əlavə tikililər də onları daha qəzalı vəziyyətə gətirir. Digər tərəfdən binaların birinci mərtəbələrində ana divarlar dağıdılıb və qeyri-yaşayış obyektlərinə çevrilib. Bütün bu faktorlar müddəti bitmiş binaların zəlzələ zamanı daha ciddi fəsad görəcəyini deməyə əsas verir”.
“Təəssüflər olsun ki, Bakının bəzi ərazilərində çoxmərtəbəli binalar çox sıx şəkildə inşa edilib. Binalararası məsafələr qorunmayıb. Yalnız bir giriş hissəsindən ibarət olan böyük yaşayış massivləri var ki, hansısa təbii fəlakət baş verərsə, orada ciddi təhlükələr yaranacaq. Düşünürəm ki, Türkiyədəki zəlzələdən sonra çoxmərtəbəli binaların alıcılarının sayı azalacaq. Bu, insanlarda psixoloji travma yaradıb. Ona görə də həyət evinə meyl edənlərin sayı çoxalacaq. Amma bu, həyət evlərinin satış qiymətinin sürətli formada artacağını deməyə əsas vermir. Bazarın öz məzənnəsi var. Təbii ki, qiymət artımı ola bilər. Amma bu çox böyük rəqəmlərlə ifadə olunmayacaq. Onsuz da Bakı və Abşeron yarımadasında daşınmaz əmlakların qiyməti yetərincə bahadır. Mərkəzdəki villa tipli həyət evlərinin qiyməti yüz minlərlə, hətta milyonlarla ölçülür. Bu da hamı üçün əlçatan deyil. Xüsusən çıxarışı olmayan həyət evləri var ki, onların qiyməti nisbətən ucuzdur. Həmin tikililərin qiyməti də hər il təbii formada artır. Buna səbəb isə tikinti materiallarının qiymətinin yüksəlməsi, eləcə də yararlı torpaq sahələrinin məhdud olmasıdır. Fərdi həyət evlərində qiymət artımları adətən aprel-may aylarından başlayır və avqust ayına qədər davam edir. Lakin Türkiyədəki zəlzələ Azərbaycanın əmlak bazarına öz mənfi təsirini göstərib və süni formada qiymət artımının qarşısını alacaq. Odur ki, qiymətlərin real bazar qiymətinə qədər enməsi mümkündür”, – deyə Elnur Fərzəliyev fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az