Türkiyəli ekspert: “Cənubi Azərbaycan türklərinin motivasiyası Qarabağ zəfəri ilə daha da artıb”backend

Türkiyəli ekspert: "Cənubi Azərbaycan türklərinin motivasiyası Qarabağ zəfəri ilə daha da artıb"

“Bu günlərdə regional hadisələr baxımından İranın mövqeyi və atdığı addımlar gündəmdən düşmür. Xüsusilə qarşılıqlı hərbi təlimlər və səsləndirilən bəyanatlar nəticəsində məsələ Azərbaycanda da önəmli gündəmə çevrilib”.

KONKRET.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Kürşad Zorlu açıqlayıb.

Onun sözlərinə görə, İran bir aydır ki, Azərbaycan-Ermənistan-Qarabağ məsələsində davamlı nüfuz oyunu aynamaqdadır: “İranda yeni prezidentin seçilməsi ilə Tehranın Qarabağla bağlı siyasəti də yenilənib. Əvvəlki hakimiyyət Azərbaycanın zəfərindən sonra ortaya praqmatik, rasional yanaşma qoyurdusa, indi İran özünü daha aqressiv, daha müxalif aparır. Halbuki bir müddət əvvəl İran nümayəndə heyətinin Bakıya səfəri ilə bugünkü xaotiklikdən fərqli, xoş atmosfer yaranmışdı. Lakin heyətin geri dönməsindən sonra Tehran Azərbaycanın ünvanına ittihamlar səsləndirməyə başlayıb. Belə bir vəziyyətdə İranın Rusiyaya səfərə yollanmış xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Azərbaycanla Türkiyənin birgə hərbi təlimlərindən şikayətlənsə də, istədiyini ala bilməyib. Rusiya dərhal “altılı platforma”nı xatırladıb…”

Ekspert daha sonra bunları deyib: “Ancaq bu qarşılıqlı ittihamlar fonunda İranı aqressiv, müxalif mövqe tutmağa vadar edən amil bir yandan hansısa yekun razılığa gəlinməsi istəyidirsə, digər yandan da Cənubi Azərbaycan, ölkədə təxminən 35 milyon Azərbaycan türkünün yaşamasıdır. Ən önəmli səbəb və gerçəklik budur!

Yaxın keçmişdə Sovet İttifaqının dağılması ilə həyəcan yaşamış Cənubi Azərbaycan türklərinin motivasiyası Qarabağ zəfəri ilə daha da artıb. Azərbaycan türklərinin daha sıx yaşadıqları bölgələr Urmiya, Ərdəbil, Zəncan, Gilan, Həmədan, Qəzvin və Təbrizdir. Beləliklə, İran xalqının üçdə birini məhz onlar təşkil edir…

İran bu vəziyyəti heç cür birgəyaşayışa çevirə bilmir. O, ancaq basqı, təzyiq siyasəti yürüdür, bununla da həmin zümrənin milli kimlik çərçivəsində daha da birləşməsinə yol açır. Onların mədəni haqlarını tanımayan Tehran karikaturaların yayılması və digər vasitələrlə parçalanmanı daha da dərinləşdirir.

Yəqin ki, bu problemin haradan başlandığını xatırlatmaq da yerinə düşər.

Problem əsasən 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan torpaqlarının bölünməsindən başlayıb. O zaman Azərbaycan torpaqları Rusiya ilə İran arasında bölüşdürülmüş, onun şimalı Rusiyaya, cənubu isə İrana verilmişdi. Nəticədə Azərbaycan xalqı da parçalanıb. Bu gün İran tərəfdə qalmış hissə Azərbaycan türklərinin yaşadığı Cənubi Azərbaycan kimi tanınır. O, Azərbaycan, Türkiyə, Ermənistan və İraqla həmsərhəddir. Bu zümrənin vaxtilə İran-İraq müharibəsində İran uğrunda döyüşdüyü də unudulmamalıdır.

Beləliklə, İran istər regional sülh və sabitlik, istərsə də ölkənin inkişafı üçün yenidən praqmatik, rasionalı siyasətə dönməlidir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*