“Üç-dörd mərtəbəli söyüş və təhqirlər baş alıb gedir – Bunun bir sonu olacaq, ya yox?”backend

"Üç-dörd mərtəbəli söyüş və təhqirlər baş alıb gedir - Bunun bir sonu olacaq, ya yox?"

Eldar Sabiroğlu

Hamı eyni cür düşünə, fikirləşə və eyni cür davranış nümunəsi ortaya qoya bilməz. Bu, aksiomadır. O zaman meşədikilərlə insanın heç fərqi olmazdı ki! Ancaq elə kəskin, biabırçı ictimai münasibətlərlə üzbəüz gəlirik ki, meşədəkilərə şükür etməli oluruq.

Beyin insana nə üçün verilib? Ki düşünsün, cəmiyyətlə normal ünsiyyət qura bilsin. Söyüşü, əxlaqi dəyərlərimizlə uğraşmayan hərəkət və əməlləri həyat kredosuna çevirmədən mübarizə aparsın. Əvəzində sosial şəbəkələrin ixtisaslaşdırdığı söyüşbazlara arxalanıb siyasi savaş aparan adamların rəngli obrazını görürük. Zərərli mübarizə vasitələrindən əl çəkmək gərəkdir. Lakin şüurlara çökmüş təkəbbür, özündənrazılıq hissləri onları ağır xəstəliklərə düçar etdiyindən yerlərində duruş gətirə bilmirlər. Sanki onkoloji xəstəliyə tutulublar. Müalicəsi tapılmayan bu xəstəliyin cəmiyyətə yalnız ziyanı var.

Siyasi virusları yaymaqda məqsəd nədir? Görünür, cəmiyyətdən umacaqlarını ya ala bilmirlər, ya da insanları ləkələməyi vərdişə çeviriblər ki, bundan da xüsusi zövq alırlar. Siyasət sadə və səmimi bünövrə üzərində qurulduqda nəticələri də uğurlu olur. Yalanı həqiqətlə, doğrunu hiylə ilə qarışdırdıqda siyasi paxırın işləkliyi uzun çəkmir.

Özünəvurğunluq siyasətçinin birinci düşmənidir. Bu keyfiyyətdə olan siyasətçiyə kənar düşmən gərək deyil. İndi ölkəmizin nümunəsində nələrin şahidiyik? Hər kəs özünü dahi siyasətçi qismində görür. Sosial şəbəkələrdə baş alıb gedən xəcalətverici söyüşləri nöqtə və vergülünə qədər olmasa da, izləmək imkanım olur. Təəssüfləndirici məqamlara az rast gəlmirəm. Yəqin zənn edirlər ki, bununla itirilmiş nəticələri geri döndərmək mümkündür. Üç-dörd mərtəbəli söyüş və təhqirlər baş alıb gedir. Bunun bir sonu olacaq, ya yox?

Siyasi düşmənçiliyin doğurduğu vəziyyətlər ana-bacı, arvad-uşağa qədər açıq təhqirləri artıq mübarizə meydanına sürükləyib. Bu, qəhrəmanlığın yox, acizliyin ən yüksək ışartılarıdır və bununla göstərilir ki, hər şeyin göylərə sovrulduğu məqamda acığın, kin-küdurətin heyfini çıxmağın əlverişli vasitəsidir. Yazılarıma gələn şərhlərdə mənim özümü belə aşağılayan ifadələri görür və niyə görə hakimiyyəti söymədiyimi, təhqir etmədiyimi irad tuturlar. Yumşaq ifadə edərək məni kobudluğa dartmaqmı istəyirsiniz!? Soruşuram, müxalifəti söydüyümü mənə xatırlada bilərsinizmi? Halbuki sərt tənqidə açıq yerləri kifayət qədərdir. Tükənişi hiss etdiyim vaxt qələmə yerə qoyacağam. Mənə dərin yaralar vuran nəinki bu iqtidarla, həmçinin ünvanıma təhqirlər yağdıran digər müxalifət adamları ilə də şöyüş dilində danışmağı məqbul saymıram. Çünki ən azı söyüşün bir qarşılığı da olur…

Sağlam mübarizə üçün bütün cığırları doğrudanmı ot basıb? Günahkar özümüzük. Hər kəs papağını qarşısına qoyub yaxşı-yaxşı fikirləşməli və siyasi izolyasiyadan xilas olmağın yol və vasitələrini tapmalıdır. Nəinki sosial şəbəkələri özünə qalxana çevirərək başqasının namusunu ən ağır təhqirlərə, kişiliyə yaraşmayan söyüş və şəxsiyyəti alçaldan ifadələrə məruz qoymaqdan təskinlik tapmalıdır…

Hələ bu harasıdır? Başqalarının statusuna yazılan şərhlərə baxdıqda adam doğrudan utanır, onların əvəzindən yerə girməyə fürsət axtarırsan. Yazmağa, ehtiyac bildiyin fikri ictimailəşdirməyə peşiman olursan. Üstəlik, onlara qoşulmağa çağırırlar, əksini gördükdə bu dəfə təhqirin, özündənrazı sözlərin “mişeninə” sənin özünü çevirirlər. Bəli, şəxsimə qaldıqda mənim ünvanıma da bu qəbildən az “öyüd-nəsihətlər” göndərilməyib. Belə tərbiyəsizliklər, aşağılayıcı nidalar əlbəttə ki, secdiyim əxlaqi yola hər hansı düzəlişləri gətirə bilməz. Söyüş çıxış yolu deyil.

Təhqirlə hədəfə çatmağın bir nümunəsi hələ bəşər tarixinə məlum deyil. Əgər düşünürsünüzsə, qarşılıqlı qisas və intiqamı ancaq və ancaq bu yolla almaq olar, yanılır və bağışlanılmaz səhvə yol açırsınız. Həyatını və ömrünü son nəfəsinədək siyasətə həsr etmiş Üiston Çörçilin olduqca müdrik bir sözünü xatırlatmaqla fikirlərimi yekunlaşdırmaq istərdim. Çörçill yazır: “Siyasətçinin ən mühüm məziyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*