“Üç-dörd uşağı videoya çəkib paylaşmaqla heç nəyə nail ola bilmərik” – EKSPERTbackend

"Üç-dörd uşağı videoya çəkib paylaşmaqla heç nəyə nail ola bilmərik" – EKSPERT

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsinə start verilir.Təhsil Nazirliyinin məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.

Bəs görəsən, təhsil sahəsində bu qədər problemin olduğu bir vaxtda belə bir müsabiqəyə, həqiqətən də ehtiyac varmı?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını təhsil eksperti Elçin Əfəndi cavablandırıb.

O bildirib ki, təhsildə nəailiyyətə imza atmaq üçün daha təməl problemlər həll edilməlidir:

“İndiki halda belə bir müsabiqənin keçilməsi qəbuledilməzdir. Təhsilin inkişafı üçün daha köklü və məntiqli tədbirlər görülərsə, məqsədəuyğun olar. Şagirdlərin elm və təhsil əldə etməsi üçün müəllimlərin görüntü çəkib virtual məkanda yaymasına ehtiyac yoxdur. Bu müsabiqə şagird-müəllim münasibətlərinə mənfi təsir edəcək. Təhsil Nazirliyi bu müsabiqəni keçirməklə cəmiyyətə yaxşı görüntü bəxş etmək istəyir. Lakin nəailiyyətə imza atmaq üçün daha təməl problemlər həll edilməlidir. 3-4 uşağı videoya çəkib paylaşmaqla heç nəyə nail ola bilmərik. Bu müsbaiqənin cəmiyyət tərəfindən də birmənalı qarşılanacağını düşünmürəm”.

 

Ekspertin fikrincə, indiki dövrdə müəllimlərin dərs yükü kifayət qədər çoxdur:

Bundan əlavə onlar jurnalda qeydiyyat aparmalı, elektron jurnalı yazmalı, test tapşırıqlarını hazırlayıb verməli və onları yoxlamalıdır. Belə əlavə tapşıqlar dərsin 45 dəqiqəsinin çox hissəsini aparır. Bu işlərdən qalan müddətdə də müəllim əgər sosial şəbəkə ilə məşğul olarsa, onun öyrətməyə vaxtı qalmayacaq. Belə əlavə tələbin müəllimin qarşısına qoyulması düzgün deyil. Fikrimcə, belə bir layihənin keçirilməsi göz boyamaqdır. Təhsil Nazirliyi bununla nə isə bir iş gördüyünü göstərmək istəyir. Lakin iş görmək belə olmur. Təhsil müəssisələrinin təmir və tikinti işlərinə diqqət ayrılmalıdır. Prosesə peşəkar mütəxəssislər cəlb edilməlidir. Yəni təhsildə həllini gözləyən o qədər problem var, amma biz lazımsız işlərin ardınca düşmüşük. Bu işlərin nə dövlətə, nə cəmiyyətə, nə şagirdlərə, nə də təhsilimizə bir xeyri var”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*