“Україна молода”: Azərbaycanla Türkiyə Rusiyanı Avropa qaz bazarından necə sıxışdırır? – ŞƏRHbackend

"Україна молода": Azərbaycanla Türkiyə Rusiyanı Avropa qaz bazarından necə sıxışdırır? - ŞƏRH

Qarabağ münaqişəsinin isti mərhələsinin sona çatması beynəlxalq iqtisadiyyat sahəsində maraqlı xəbərləri ortaya çıxardı. Azərbaycanın Qərbi qazla təmin edəcək yeni kəməri Rusiyadan yan keçməklə fəaliyyətə başladı. Bəs bu layihə Moskvanın maraqlarını nə dərəcədə təhdid edir? Çünki ABŞ sanksiyaları səbəbindən də Rusiya təşvişdədir.

TAP, Trans-Adriatik boru kəməri dörd il yarım çəkən inşaatdan sonra istismara verildi. Onun sayəsində Azərbaycandan Avropaya ildə 10 milyard kubmetr qaz tədarük ediləcək. Lakin bu rəqəm iki dəfə arta bilər – yəni ildə 20 milyard kubmetrə qədər qaz ötürülə bilər. TAP-ın direktoru Luka Sxiepatti “TAP sənayenin ən yaxşı təcrübələrinə və standartlarına uyğun olaraq dizayn edilib. Qurulmuş yeni ötürmə sistemi operatoru olaraq, ikiqat şaxələndirməni təmin edir. Yeni, etibarlı və davamlı enerji marşrutu on illərlə avropalı qaz istifadəçiləri üçün ideal qaz mənbəyi”.

Qazın mənbəyi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz yatağıdır. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Tikinti üçün 3,9 milyard avro vəsait ayrılıb. Trans-Adriatik Qaz Boru Kəmərinin tikinti layihəsi 2013-cü ildə təsdiq edildi. İnşaat işləri 2016-cı ildə başladı. 2018-ci ildə qaz kəməri Türkiyənin Trans-Anadolu qaz kəməri ilə birləşdirildi. Trans-Adriatik Qaz Boru Kəmərinin səhmdarları Britaniyanın “Britiş Petroleum”, Azərbaycanın SOCAR, İtaliyanın “Snam”, həmçinin Belçikanın “Fluxis”, İspaniyanın “Enagas” və İsveçrənin “Suis Expo” şirkətləridir.

TAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. 2019-cu ildə Avropa “Qazprom”dan 200 milyard qaz tədarük edib. TAP Avropanı həm Rusiyadan asılığını azaldacaq, eyni zamanda sağlam  rəqabət mühiti yaradacaq. Layihənin direktorlar şurasının rəhbəri Murad Qeyrətov deyib ki, “Cənub Qaz Dəhlizi Azərbaycandan Avropaya yenilikçi bir təbii qaz tədarükçüsü və ən müasir və etibarlı enerji nəqli sistemidir”.

Azərbaycan qazını alanlardan biri də Bolqarıstan olacaq. Bu proses Baş nazir Boyko Borisovun sözlərinə görə,  2021-ci il yanvarın 1-dən başlayacaq. Hazırda Qaz kəmərinin çəkilişi ilə bağlı işlər sərhədin hər iki tərəfində davam edir. Artıq 159 kilometr boru çəkilib, bunun 72 kilometri qaynaqlanıb. Hazır olan kəmərin 11 kilometri qazla doldurulub.

Borisov qeyd edib ki, Yunanıstan və Bolqarıstanın enerji nazirlərinin 2019-cu ilin oktyabr ayında ümumi dəyəri təqribən 250 milyon avro olan 182 kilometrlik boru kəmərinin inşası barədə bir müqavilə imzalanıb. Bundan əvvəl Yunanıstanın Ətraf və Energetika Nazirliyi qaz kəmərinin istifadəyə verilməsini 2021-ci ilin iyul ayına planlaşdırıldığını bildirmişdi.

Azərbaycan qazı Türkiyədə yalnız Rusiya və İrandan idxal olunan mayeləşdirilmiş qaz tədarükü ilə deyil, yerli istehsal ilə də rəqabət aparacaq. Çünki bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan Qara dənizdə 85 milyard kubmetrlik yeni təbii qaz ehtiyatları aşkarladıqlarını söyləmişdi.

Türkiyə strateji tərəfdaşı Azərbaycanla bərabər Rusiyanın Avropa yanacaq bazarında şaxələnməsinə ciddi şəkildə qarşı çıxmağa hazırlaşır. Yayın sonunda Türkiyənin Baş naziri Ərdoğan demişdi ki,  “Fatih qazma gəmisinin heyətinin ölkənin tarixində ilk dəfə kəşf etdiyi qaz yatağının ehtiyatı 320 milyard kubmetr ehtimal edilirdi. Araşdırmalarımızı davam etdirdik və  kəşfiyyatçılarımız  keçən ay daha bir müvəffəqiyyət qazandı. Yeni araşdırmalardan sonra yatağın ehtiyatı 405 milyard kubmetrə qədər artmış oldu. Hasilata 2023-cü ildə başlanılılacağı planlaşdırılır.  Biz Türkiyəni böyük bir qaz istehsalçısı və ixracatçısına çevrirmək istəyirik. Heç bir şey bizim bu istəyimizə mane ola bilməz”.

Türkiyənin bu müjdəsi Rusiyada şok effekti yaratdı. Çünki Türkiyənin qaz istehsalçısına çevrilməsi Rusiyanın Avropa hegemonluğuna son qoya bilər. “Fitch” agentliyinin təbii ehtiyatlar və əmtəələr qrupunun baş direktoru Dmitri Marinçenko bununla bağlı deyib ki, “Faktiki olaraq, bu, Türkiyənin Rusiyadan qaz idxalına son verəcək. Üstəlik Avropanın qaz bazarında Rusiya üçün əsas rəqiblərdən biri olacaq”.

Rəcəb Tayyib Ərdoğanın bəyənatından bir müddət sonra Türkiyə Rusiya qaz kəməri ilə tədarükünü müddətsiz dayandırdı. Digər bir Rusiya layihəsi – keçən il noyabrın 19-da başladılan “Türk axını”nın başqa bir qolu, Moskvanın ümidlərinə baxmayaraq, gözlənilən səmərəliliyi göstərmədi və TANAP-a məğlub oldu. Çünki keçən il  “Türk axını”nın möhtəşəm açılışından dərhal sonra Türkiyənin əvvəldən planlaşdırıldığı qədər yanacağa ehtiyacı olmadığı ortaya çıxdı. Türkiyə 2007-ci ildən bu yana “Qazprom”un ikinci ən böyük qaz alıcısıdır. Ancaq Trans-Anadolu qaz boru kəmərinin işə düşməsindən sonra “Qazprom”un satışı yüzdə 40 azaldı. Moskvanın bundan məmnun olmadığı aydındır: Türk şirkətləri “Mavi” və “Türk” axınları vasitəsilə qaz alaraq “al və ödə” prinsipi ilə Qazpromla əməkdaşlıq edirlər. Və hətta onların ruslara təxminən 2 milyard dollar borcu olduğu iddia edilir.

Bu gün türk şirkətləri  “Qazprom”un qiymətlərinə yenidən baxmaqla yanaşı, gələn il sona çatacaq uzunmüddətli müqavilələrin uzadılması üçün danışıqlar aparır. Yeni yataqların kəşf edilməsi ilə Türkiyənin artıq bu danışıqlarda dominant olduğu ortadadır.

Böyük ölçüdə  Moskva artıq Ankaraya və Bakıya məğlub oldu. Nə də olsa, son vaxtlara qədər Rusiya Türkiyəyə əsas qaz ixracatçısı idi. Keçən ilin martında Rusiyanın  qazı tədarükündə Türkiyə 33 faiz paya sahib idi.

Bu ilin mart ayında mayeləşdirilmiş təbii qaz tədarük həcminə görə Rusiyanı dörd ölkə qabaqladı: Azərbaycan 23,5 faizlə, İran 14,2 faizlə, həmçinin Qətər 20 faizlə və Əlcəzair 13,7 faizlə Rusiyanı geridə qoyur. Xatırladaq ki,  Rusiyanın payı cəmi  9,9  faizdir.  ABŞ isə mayeləşdirilmiş qaz tədarükünü ildə 3 dəfə artıraraq  9,4 faizlə Rusiyaya çatmaq üzrədir.

Göründüyü kimi, Azərbaycanla Türkiyə Rusiyanı Avropanın qaz bazarından sıxışdırır. Bu isə Rusiya üçün təkcə iqtisadi itki deyil. Həm də geosiyasi aləmdə böyük ölçüdə nüfuz itkisidir.

“Україна молода”,  27 noyabr 2020

Tərcümə: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*