Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadlar dünya mediasının diqqətindədir. Avropa və ABŞ mətbuatı Ukraynadakı müharibənin dünya iqtisadiyyatına təsirindən yazır və bildirirlər ki, rusların başladığı mənasız savaşın iqtisadi nəticələri uzun müddət hiss olunacaq. Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Bercan Tutar isə qlobal enerji, taxıl və digər sosial-iqtisadi böhranlara səbəb olan müharibənin 19 ayda dünya iqtisadiyyatına vurduğu ziyandan yazıb. Tutar bildirib ki, indi bütün Qərb dairələrində, xüsusən də ABŞ-da böhrana son qoyulması ilə bağlı iradə bəyannaməsi var: “ABŞ istədiyi hər şeyi əldə etməsə də, ümumilikdə müəyyən məqsədlərə nail oldu. Ukrayna böhranının memarı olan ABŞ-ın niyyəti NATO-nun genişlənməsini davam etdirmək və Avropa İttifaqının (Aİ), xüsusən də Almaniya və Fransanın Rusiya və Çinlə inkişaf etdirdiyi iqtisadi və strateji əlaqələrini pozmaq idi. Onu da alt-üst etdi. Rusiya da qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə nail oldu. O, NATO-nun genişlənməsini və ABŞ-ın Avropada möhkəmlənməsini cilovlaya bilmədi. Ukraynanın Krımdan əlavə Luqansk, Donetsk, Xerson və Zaporoyje kimi yeraltı və yerüstü sərvətlərlə zəngin bölgələrini də ilhaq etdiyini bəyan edən Putin ABŞ-ın strategiyasını alt-üst etdi. Bir sözlə, böyük dövlətlər öz borclarını aldılar. ABŞ Volodimir Zelenskiyə silah və logistika dəstəyini azaldır. Konqres və müxalifət Ukraynaya vəsait və silah transferinə son qoyulmasını istəyir. Hətta Polşa da silah verməkdən imtina edir. NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer “Qərb ölkələrinin döyüş sursatı tükənib” deyib. İsveçin müdafiə naziri Pol Conson isə bildirib ki, “Ukraynaya dəstək olmaq üçün Avropa öz müdafiə sənayesini almalıdır”.
Ən ağrılı etiraf isə “London anbarlarında Ukraynaya lazım olan sursat bitib”, – deyən Britaniya hərbi rəsmilərindən gəlib. Almaniya və Fransada ictimai rəy Ukraynaya hərbi yardımın kəsilməsinin tərəfdarıdır. Slovakiyada son seçkilərdə qalib gələn və yenidən baş nazir olan rusiyapərəst Robert Fikonun ilk açıqlaması isə Ukraynayla bağlıdır. O, Ukraynaya yardımı dayandıracağını bildirib. Təbii ki, Qərbdə Ukrayna çatı getdikcə dərinləşir. Hamı bu fikirdədir ki, müharibə uduzulub və Kiyev Rusiya ilə sülh masasına oturmalıdır. Məsələn, ABŞ-ın nüfuzlu yazıçılarından Corc Fridman “ABŞ Ukraynada istədiyini əldə etdi. Məqsədimiz Rusiyanı NATO-dan uzaqlaşdırmaq idi və buna da nail olduq”, – deyib. Ölkə parçalanıb, yüz minlərlə insan ölüb və yaralanıb, milyonlarla insan, əsasən də uşaq və qadınlar qaçqın düşüb. Bunların heç biri Fridmanı maraqlandırmır. ABŞ-ın qara məqsədi hər şeydən daha dəyərlidir.
“Asia Times”dan Stiven Bryen də silah və əsgər çatışmazlığından əziyyət çəkən Ukraynanın uğur qazanmasının mümkün olmadığını düşünür. Əslində 4 ay əvvəl hücuma keçən Ukrayna ordusu ağır itki verib. Bu nöqtədə ABŞ və Rusiya Suriyada olduğu kimi Ukraynanı “de-fakto” öz aralarında bölüblər. Ölkənin qərbi ABŞ-a, şərqi isə Rusiyaya qalacaq. Ukrayna indi yeni soyuq müharibənin Almaniyasıdır. Bu kontekstdə qarşıdakı dövrdə Ukraynada müharibənin soyuması üçün səylər daha da sürətlənəcək. O qədər ki, hətta soyutma fəaliyyətinin xərcləri də Kiyev və Brüssel tərəfindən ödəniləcək”.
Xatırladaq ki, bu, Türkiyənin “Sabah” qəzetindən Bercan Tutarın köşə yazısı idi.
Vəli Həsənov,
KONKRET.az