Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell arasında telefon danışığı baş tutub. Borrell danışıq əsnasında Rusiya ərazisinə zərbələr endirmək üçün istənilən məhdudiyyətin ləğvinin tərəfdarı olduğunu, bunun Ukraynanı qoruyacağına və sülh danışıqlarını yaxınlaşdıracağına inandığını bildirib.
Maraqlıdır, Kursun Ukrayna tərəfindən ələ keçirilməsi fonunda Qərb silahlarından Rusiya ərazisində istifadə müharibənin gedişini necə dəyişə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə Kurska hücum və qazanılan uğurların Qəbdə müəyyən mövqe dəyişikliyinə səbəb olduğunu deyib:
“Avropa İttifaqı və NATO ölkələri silahlarının Rusiya ərazisində istifadəsinə tədricən icazə verməyə başlayıb. Görünür, bundan sonra müharibənin gedişatında dəyişikliklər görəcəyik. Ümumilikdə isə proses hələlik Qərbin arzuladığı məcrada inkişaf edir”.
Ekspert Avropa dövlətərini ikiüzlü siyasət yürütməkdə ittiham edib:
“Qərb ikiüzlü siyasət yürüdür. Azərbaycan Ermənistanla müharibə şəraitinda olanda bizə qarşı sanksiyalar tətbiq etməyə çalışırdılar və cəhd edirdilər ki, biz işğalla barışaq. Amma nail ola bilmədilər. Hesab edirəm ki, bundan sonra Rusiya daha ciddi addımlar atacaq və yeni səfərbərlik elan olunacaq. Həmçinin onlar Ukraynanın strateji və enerji obyektlərinə də zərbələr endirəcəklər. Lakin bu proses NATO ilə qarşıdurmaya gətirib çıxarmayacaq”.
Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov isə Qərb silahlarının Rusiya ərazisində istifadəsini müharibənin yeni mərhələsi kimi dəyərləndirib:
“Sözügedən silahlardan istifadə edilərək Kursk vilayətinə hücum edilməsi Ukraynanın danışıqlardakı mövqeyinin güclənməsinə səbəb olacaq. Avropa özü üçün cızdığı qırmızı xətti keçib. Müharibənin gedişatı qarşıdakı 2-3 ay ərzində daha da intensiv hal alacaq. Bundan hamı yararlanmaq istəyir. ABŞ seçkilərə görə müxtəlif addımlar atır. Avropanın digər ölkələri əvvəllər Ukrayna üçün qadağa qoyduqları şeylərə indi icazə verəcək. Hazırda dünyada birüzlü siyasət aparan yoxdur”.
Məlik Məlikov,
KONKRET.az
🇺🇦👍🙏