Ümumbəşəri bərabərlik və sərhədsiz sülh uğrunda mübarizə Qərbin demokratiyaya inamını necə məhv etdi?backend

Ümumbəşəri bərabərlik və sərhədsiz sülh uğrunda mübarizə Qərbin demokratiyaya inamını necə məhv etdi?

“Hazırda dünyada vəziyyət son dərəcə təhlükəlidir”. Bu fikiri Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger liberal demokratiyanın böhranından danışarkən səsləndirib. O, bu çıxışı hələ 2017-ci ildə, yəni ABŞ-Çin ticarət müharibəsi, koronavirus pandemiyası, eləcə də Rusiya-Ukrayna münaqişəsi başlamazdan əvvəl söyləyib. O vaxt hələ Qərb və Rusiya arasındakı münasibətlər bu qədər soyuq deyildi. Qərb cəmiyyətinin liberal-demokratik modelinin dərin böhran içində olduğunu və transformasiyaya ehtiyac duyduğunu bu gün Fransa lideri Emmanuel Makron və Almaniya prezidenti Frank-Valter Ştaynmayer də açıq şəkildə dilə gətirir.

Bəs görəsən Qərb dünyasının əsas dəyərlərinə inamı kim və necə məhv edib?

Hələ bu ilin yayında “qadınlar inkubator, abort isə qətl deyil!” şüarları ilə Amerika şəhərlərində insanlar küçələrə axışdılar. Minlərlə qadın hamiləliyini qanuni olaraq sonlandıra biləcəyi başqa ştata və ya qonşu ölkəyə köç etdi. Bu gün Avropada və ABŞ-da demokratiyanın bu və digər əsas prinsipləri liberal dəyərlərin təntənəsinin leyhinə olaraq geri addım atır. Hakim elita isə vətəndaşların əksəriyyətinin maraqlarına zidd qərarlar qəbul edir. Son 25 ildə demokratiyadan məmnunluq səviyyəsi də aşağı düşüb. Liberal demokratik ölkələrin əhalisinin təxminən 57 faizi hökumətlərinin demokratiyanın əsas dəyərlərini qorumasından narazıdır.

Bəs Liberal demokratiya nədir?

Belə ölkələrin siyahısına ABŞ, Yaponiya, Fransa, Böyük Britaniya və İspaniya daxildir. Müqayisə üçün deyə bilərik ki, 1990-cı illərin əvvəllərində nisbətən yüksək səviyyədə narazılıq yalnız Fransada qeydə alınıb. Üstəlik, son 25 ildə demokratiyadan narazılıq get-gedə artmaqdadır. Bu da hakimiyyət modelinin özündəki böhrandan xəbər verir. Hələ 1975-ci ildə amerikalı politoloq Samuel Hantinqton belə nəticəyə gəlmişdi ki, liberal demokratik hökumətlər artıq effektiv işləyə bilməzlər. O, bunu dövlətlərin sosial strukturunun nəzərəçarpacaq dərəcədə dəyişməsi ilə əlaqələndirirdi. Həddindən artıq təcrid olunmuş qruplar – azlıqlar var idi. Cəmiyyət milli, yaş, iqtisadi, cins və bir çox başqa əlamətlərə görə bölünürdü. Və bu qrupların hər biri liberal demokratiyanın əsas prinsiplərinə uyğun olaraq digərləri ilə bərabər əsasda dövlət təsisatları vasitəsilə öz mənafelərini müdafiə etmək hüququ qazanırdı.

Alman filosofu və sosioloqu Yurgen Habermas da dövlətin əhalinin artan tələbatını ödəyə bilməməsinin liberal-demokratik siyasi sistemin özündə böhrana səbəb olmasından danışıb. Onun sözlərinə görə, vətəndaşlar müraciətlərinə cavab almadan dövlət idarəçiliyi mexanizmi kimi demokratiyaya inamını itirir, seçkilərdə iştirakını dayandırır, siyasi partiyaları tərk edirlər. Bu, gec-tez sosial sarsıntılara və hətta sistemli hakimiyyət dəyişikliyinə səbəb ola bilir. Eyni zamanda, Habermas və Hantinqton bu problemi həll etmək üçün tamamilə əks yollar təklif edirdilər. Alman filosofu hesab edirdi ki, yalnız cəmiyyətin aktual problemlərin müzakirəsinə mümkün qədər geniş cəlb edilməsi və onların həlli üçün siyasi proqramların hazırlanması vətəndaşların inamını bərpa edə bilər. Hantinqton isə əksinə, geniş ictimaiyyəti mümkün qədər az işə cəlb etməyə çağırırdı.

Müasir liberal demokratiyanın eyni problemləri Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin professoru Vladimir Rıjkov tərəfindən sadalanır. O, milli və digər azlıqlara qarşı tolerantlıq prinsipinin demokratiya prinsipləri ilə birləşərək liberal idarəetmə modelinin hazırkı böhranı üçün bütün ilkin şərtləri yaratdığını göstərir. Bəzi ştatlarda bu, uzun müddətdir ki, separatizmin artmasına səbəb olub. Məsələn, İspaniyanın Kataloniya bölgəsi 2006-cı ildən ölkə konstitusiyasına əsaslanaraq tam muxtariyyət tələb edir. Qanunun müvafiq maddəsi liberalizmin əsas dəyərlərinə – mədəniyyətə və milli azlıqların hüquqlarına hörmətə uyğundur. Lakin İspaniya hökuməti ölkənin ən zəngin bölgələrindən birinin ayrılması ilə bağlı referendumu qanunsuz sayır. Bundan əlavə, Rıjkov qeyd edir ki, liberal demokratiyaların böhranı iqtisadi səbəblərlə daha da şiddətlənir, qloballaşmanın nəticələri ilə çoxalır. Açıq cəmiyyət və azad bazar dövründə biznesin konkret dövlətin və müvafiq olaraq onun vətəndaşlarının maraqlarını nəzərə alması zəruri və sərfəli deyil.

19-cu əsrin ingilis filosofu və siyasətçisi Con Stüart Mill öz dövrünün demokratik institutlarının praktikasını ümumiləşdirərək yazırdı ki, “azadlığın zəruri şərti dövlətin sərhədlərinin milliyyətlərin sərhədləri ilə üst-üstə düşməsidir”. Mill hesab edirdi ki, milli maraqların ümumiliyi olmadan demokratik təsisatların fəaliyyəti üçün zəruri sayılan vahid ictimai rəy yarana bilməz. Lakin 20-ci əsrin sonlarında qloballaşma milli dövlətin mövqeyini sarsıtdı. İkinci Dünya Müharibəsi illərində mütəfəkkir Karl Popper tərəfindən formalaşdırılan alternativ baxışlara açıq cəmiyyət siyasəti müasir liberal demokratik dövlətlərin əsas dəyərlərindən birinə çevrildi. Keçmiş müstəmləkə ölkələrinin sakinləri daha yaxşı həyat axtarışı ilə Qərb ölkələrinə, əsasən də özlərinin keçmiş metropoliyalarına cəlb olundular və burada həvəslə ucuz işçi qüvvəsi kimi qəbul edildilər.

Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslovun sözlərinə görə, liberalizmin əsas demoqrafik probleminə məhz cəmiyyətlərin etnik tərkibinin dəyişməsi çevrilib. Çünki yerli xalqların və mühacirlərin maraqları həmişə üst-üstə düşmür. Hələ 1970-ci illərin ortalarında alimlər xəbərdarlıq edirdilər ki, artan qloballaşma xalqları birləşdirmir. Sadəcə olaraq həm qəbul edən əhali, həm də miqrantlar arasında sosial parçalanma və milli kimliyi qorumaq istəyini artırır. Dmitri Suslov izah edirdi ki, miqrantlar yeni vətənlərində əsas “oyun qaydalarını” qəbul edə bilərlər. Lakin öz həyat tərzi, adət-ənənələri və maraqları ilə birgə özlərini ayrı bir qrup saymağa davam edəcəklər.

İllər keçdikcə Qərb ölkələrinə miqrant axını daha da çoxalır və onları  getdikcə daha az nəzarət altında saxlamaq mümkünləşir. ABŞ üçün bu, sosial gərginliyin səbəblərindən biri olaraq qalır. Çünki ölkənin cənub sərhədlərinə müntəzəm olaraq Latın Amerikasından olan miqrantlar tərəfindən basqın edilir. Son böyük sərhəd böhranı 2021-ci ildə baş verdi. Ona görə də,  Co Bayden hakimiyyətə gələr-gəlməz sələfi Donald Trampın bütün anti-immiqrant tədbirlərini ləğv etdiyini açıqladı. O zaman hər gün Meksika ilə sərhəd Tixuanadan ABŞ-a 100-150 min insan gəlirdi.

ABŞ-da qeyri-qanuni miqrantlar yaşayır, onların əksəriyyəti ispanlardır

Meksika ilə həmsərhəd olan bütün ştatlarda latın immiqrantların və onların nəsillərinin payı sürətlə artır. Məsələn, Kaliforniyada onların sayı ağdərili amerikalılardan artıqdır. Demoqraflar proqnozlaşdırırlar ki, 2050-ci ilə qədər ispandillilər cənub ştatlarında çoxluq təşkil edəcək və onların ABŞ əhalisi arasında payı 25 faizə çatacaq. Eyni zamanda, latınlar özlərinin və ya əcdadlarının ABŞ-a nə vaxt köçməsindən asılı olmayaraq, öz ana dillərini və mədəni adətlərini qoruyub saxlayırlar. Hər kəs ingilis dilini öyrənmir. Üstəlik heç kimə sirr deyil ki, ABŞ-da etnik qrupların sayına görə birinci yeri məhz Latın Amerikası quldur dəstələri tutur.

Avropa isə ilk dəfə 1999-cu ildə miqrant böhranı ilə üzləşib. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Boris Dolqov qeyd edir ki, NATO-nun Yuqoslaviyadakı əməliyyatı və Afrikadakı münaqişələr (Qana, Somali, Nigeriya, Çad, Seneqal) onların sayının kəskin artmasına səbəb olub. Növbəti, daha ciddi böhran on il sonra baş verdi. “Ərəb baharı” hadisələri, Liviya lideri Müəmmər Qəddafinin devrilməsi və Suriyada vətəndaş müharibəsinin başlaması səbəbindən Avropaya miqrant axını faktiki olaraq nəzarətdən çıxdı və 2015-ci ilə qədər son dövrlərin ən böyük miqrasiya böhranına səbəb oldu. Avropa belə bir qaçqın axınına hazır deyildi. Dolqov xatırladır ki, Yaxın Şərqdən on minlərlə mühacir heç bir sənədi olmadan təkbaşına Almaniyaya gəlib. 2018-ci ildən 2021-ci ilə qədər Aİ ölkələrində 18 min miqrantın itdiyi haqda məlumatlar var. Bu insanların keçmişini müəyyən etmək və gələcək addımlarını izləmək mümkün deyil.

Bərabərlik hər kəs üçün deyil

Corc Vaşinqton Universiteti (ABŞ), Templ Universiteti (ABŞ) və Əmək İqtisadiyyatı İnstitutu (Almaniya) kimi mötəbər mərkəzlərin araşdırmaları göstərib ki, immiqrantlar iqtisadiyyatı stimullaşdırır, yeni iş yerləri və bazar tələbatı yaradır. Tallin Universitetinin Hüquq Akademiyasının prezidenti, professor Rein Müllerson hesab edir ki, qlobal bazarların, xüsusən də maliyyə bazarlarının liberallaşması bərabərsizliyin artmasına səbəb olub. Şirkətləri indi konkret adamlar deyil, investisiya fondları və səhmdar qrupları idarə edir. Müllerson deyir ki, “məhdudiyyətsiz liberal bazarlar az sayda insanı inanılmaz dərəcədə zəngin edir və əksəriyyət çox geridə qalır”. Liberal demokratiyanın əsas problemi azlığın bu gün siyasətdə, iqtisadiyyatda və mediada hökmranlıq etməsi və çoxluğa qarşı avtokrat kimi davranmasıdır.

Demokratik hökumətlər cəmiyyətin ehtiyaclarını anlamaq üçün həmişə akademik və biznes ekspertlərindən istifadə ediblər. 20-ci əsrə qədər bunlar əsasən ənənəvi tədqiqat təşkilatları idi və lazım gəldikdə məmurlar onlara müraciət edirdilər. 20-ci əsrdə qloballaşma tendensiyası fonunda hökumətlərin yeni təcrübə səviyyəsinə ehtiyacı yarandı.  Beləliklə, “beyin mərkəzləri” fəaliyyətə başladı. Ən qədim beyin mərkəzi 1910-cu ildə yaradılmış və bu gün də mövcud olan Karnegi Fondudur.

Hələ 1920-ci illərdə neoliberal fəlsəfənin tənqidçisi, amerikalı mütəfəkkiri Con Dyui ekspertokratiyanın təhlükələri barədə xəbərdarlıq etmişdi. O, ekspert sinfinin “qaçılmaz olaraq ümumi maraqlardan qopacağına və öz şəxsi maraqları olan bir sinfə çevriləcəyinə” işarə edirdi. Sosioloqlar sözlərinə görə, on ildən artıqdır ki, Qərb cəmiyyətində vətəndaşlar və elitalar arasında gərginlik artmaqdadır. Araşdırma Mərkəzlərindən birinin Avropa, ABŞ və Kanadada apardığı tədqiqata görə, insanlar hələ də demokratik dəyərlərdən məyus deyillər, lakin onlar artıq siyasətçilərinə etibar etmirlər.

Qərb dünyası yol ayrıcındadır: Ya liberal demokratiyanın əleyhdarlarına təzyiqi artırmaq, yaxud avtoritar hökumət modellərinə keçmək, ya da ənənəvi və daha mühafizəkar modellərə qayıdaraq demokratiya ideyasını yenidən icad etmək lazımdır. Siyasətçilərin isə seçim etmək üçün getdikcə daha az vaxtı var. Mütəxəssislər Rusiya və Ukrayna arasındakı münaqişənin və ondan sonra tətbiq edilən sanksiyaların nəticəsi olacaq enerji və ərzaq böhranının görünməmiş həddə çatacağını proqnozlaşdırırlar. Bundan əlavə, alimlər xəbərdarlıq edirlər ki, inkişaf etməkdə olan ölkələrdən birinci dünya dövlətlərinə miqrasiya hələ də sürətlənir. Nə qədər ki, elita böyük siyasətlə məşğuldur və səmərəsiz idarəetmə mexanizmlərindən əl çəkmir, əhali bir o qədər kasıblaşır və cinayətə meyl edir. Belə bir şəraitdə sadə vətəndaşların küçələrə çıxaraq hakimiyyəti öz əllərinə qaytarmaq qərarı ancaq zaman məsələsi ola bilər.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*