ADPU Cəlilabad filialında 2023/2024-cü tədris ilinin I yarısında bütün ixtisas və kurslar üzrə təhsil alan 582 nəfər tələbədən 3 nəfəri qızılca xəstəliyinə yoluxub.
KONKRET.az AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə ADPU-nun Cəlilabad filialından məlumat verilib.
Məlumatda qeyd olunur ki, onlardan 2 nəfər 3 həftəlik karantin müddətin başa vurub, tam sağalaraq dərslərinə davam edirlər.
“Bir nəfərin isə hazırda müalicəsi davam edir. Payız mövsümündə respirator xəstəliklərin çoxalmasını nəzərə alaraq Filialın tibb xidmət işçisi müntəzəm olaraq tələbələrin sağlamlıq vəziyyəti ilə yaxından maraqlanır və zəruri tədbirlər görülür. Filialın Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə dezinfeksiya müqaviləsi mövcuddur. Müqavilə əsasında Filialda mütəmadi dezinfeksiya işi aparılır ki, bu da tələbə və əməkdaşların sağlamlığının qorunması üçün zəruri proses hesab edilir.
Xəbər saytlarında müəssisəmiz haqqında verilmiş məlumatda göstərilən 10 (on) nəfərin yoluxması həqiqəti əks etdirmir”, – Universitetdən verilən məlumatda bildirilir.