İranın Şərif Texnologiya Universiteti ətrafında baş verən hadisələr fonunda regionda gərginlik daha da artıb. ABŞ və İsrailin adıçəkilən ali təhsil ocağına zərbə endirməsi barədə məlumatların yayılması Tehranın sərt reaksiyasına səbəb olub.
KONKRET.az xəbər verir ki, Fars News Agency-nin yaydığı xəbərə görə, İran bu hücuma cavab olaraq ABŞ şirkətlərinə məxsus obyektləri potensial hədəf kimi nəzərdən keçirir. Bildirilir ki, xüsusilə BƏƏ-də yerləşən iri texnologiya şirkətlərinin data mərkəzləri risk altındadır.
Məlumata əsasən, mümkün hədəflər sırasında Amazon, Microsoft, Oracle və Equinix kimi nəhəng korporasiyaların infrastrukturu yer alır.
Ekspertlər hesab edir ki, belə bir ssenari reallaşarsa, bu, Yaxın Şərqdə münaqişənin daha geniş miqyas almasına və qlobal texnologiya sektoruna ciddi təsirlərə səbəb ola bilər.
Hazırda rəsmi Vaşinqton və Təl-Əviv tərəfindən məsələ ilə bağlı açıqlama verilməyib. Regionda vəziyyət isə gərgin olaraq qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az
