Artıq iki ilə yaxındır ki, koronovirus səbəbi ilə ölkədə təhsil müəssələrində qapanmalar mövcuddur. Xüsusilə keçən il bir çox sahədə yumşalmalar olsa da, bu qərar universitetlərə şamil edilmədi. Yeni tədris ilinin başlanmasına isə sayılı günlər qalıb. Cəmiyyəti maraqlandıran suallardan biri də universitetlərdə dərslərin hansı formada keçiriləcəyi ilə bağlıdır.
Mövzunu KONKRET.az-a şərh edən təhsil ekspert Nadir İsrafilov qeyd edib ki, təhsilin distant, hibrid və ya ənənəvi formada keçiriləcəyi barədə proqnoz verəndə cəmiyyətdə çaşqınlıq yaranır: “Bu cür məsələlərə öncədən proqnoz vermək elə də asan deyil. Çünki problem qlobal əhəmiyyət daşıyır. Məsələni tənzimləmək üçün Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti fəaliyyət göstərir. Bu məsələlər gələcəkdə də Nazirlər Kabinetinin hazırda qüvvədə olan müvafiq sənədləri və qaydaları əsasında tənzimlənəcək. Vəziyyətin necə cərəyan edəcəyindən asılı olaraq distant və ya hibrid təhsilə keçidin baş verib-verməyəcəyi sual altındadır. Təhsilin keyfiyyət məsələsinə gəldikdə isə əlbəttə ki, distant və ənənəvi təhsil arasında böyük fərq var. Bizim təhsil qanunvericiliyində ənənəvi ilə bərabər distant və hibrid təhsil formaları göstərilsə də, biz bu vəziyyətə hazır deyildik. Ona görə də pandemiyanın yarandığı ilk vaxtlarda bir sıra problemlərlə üzləşdik və təbii ki, distant formada təhsil keyfiyyətə təsir göstərdi. Amma təsəlliedici məqam ondan ibarətdir ki, artıq iki ildir biz bu mərhələni keçmişik. Belə bir hadisənin təkrarlanacağı halda bizim müəyyən hazırlıq resurslarımız var. Yəni bu il distant təhsil olsa, bu, əvvəlki illər qədər təhsilin səviyyəsinə təsir göstərməyəcək. Çünki bu sahədə təcrübə yaranıb və müəyyən tədbirlər də görülüb”.
Təhsil eksperti əlavə edib ki, istər maddi-texniki bazanın yaradılması, istər tələbələrin güzəştli internet paketləri ilə təmin olunması, istərsə də televiziya kanallarının proqramlarına təhsillə bağlı verlişlərin əlavə olunması kimi məsələlərdə artıq irəlləyiş var: “Pessimist proqnozlar verərək cəmiyyəti çaşdırmaq düzgün deyil. Nə olacağı zamandan aslıdır. Pandemiya elədir ki, yeni formaları meydana çıxır və biz sabah nə olacağını bilmirik. Hal-hazırda bütün dünya vəziyyətin normallaşması istiqamətində çalışır. Ancaq biz istənilən fövqəladə vəziyyətə hazır olmalıyıq. Bununla əlaqəli müəyyən ölçülər götürülüb, işlər görülüb və proses hazırda da davam edir. Ölkə başçısının da qeyd etdiyi kimi, bu cür pandemiya şəraitində məsələ təhsil alanların və tədris edənlərin xeyrinə həll olunmalıdır”.
Arifə Kərimzadə,
KONKRET.az