İnsanlar yaşa dolduqca ən çox xatırladıqları uşaqlıq xatirələridir. Ömür boyu yaddan çıxmayan uşaqlıq çağlarındakı unudulmaz, kövrək hislər hər kəsi ömrünün sonuna qədər təqib edir. Bunun müxtəlif səbəbləri olsa da, mütəxəssilər hesab edir ki, bu, təmiz beyinə yazılan informasiyaların azlığı ilə bağlıdır. Yeni inkişaf edən beyin ilkin məlumatları saxlayır və onlar ömrün sonuna qədər insan yaddaşında ilişib qalır.
Deməli, insan yaşlaşsa da, uşaqlıq xatirələri qalır.
Bütün dövrlərdə və cəmiyyətlərdə uşaqların həyatı firəvan keçmir. Dünyanın inkişaf etmiş ölkələrində belə, uşaqlara münasibət bir mənalı deyil. Məcburi əməkdən tutmuş, uşaqların küçə həyatı kiçik yaşlılarda dərin iz buraxır. Bəzən küçə həyatı kriminal aləmə qədər uzanır.
Yollarda və işıqforlarda yəqin tez-tez körpələrlə rastlaşırsınız. Avtomobillərin qabağına qaçan uşaqların məzlum sifətləri, yağışda, soyuqda cır-cındır içində dilənən fidanların tük ürpədən vəziyyəti isə çox təəssüf ki, reallıqdır.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov KONKRET.az-a açıqlamasında bu sahədə görülən işlərdən danışdı:
“Valideyin himayəsindən məhrum olan kimsəsiz, eyni zamanda küçə həyatına aludə uşaqlar, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı əsaslı tədbirlər görülür. Əvvəlki illərlə müqayisə etsək, küçə uşaqları termini Azərbaycanda yox səviyyəsindədir. Valideyin himayəsindən məhrum uşaqların küçə həyatı yaşamasını barmaqla göstərmək olar. Son vaxtlar belə hallara rast gəlinmir. Bu cür uşaqlar dövlət müəssisələrinə yerləşdirilib. İkinci kateqoriyaya aid qruplar, küçə həyatına təhrik edilənlərdir. Belə uşaqlar adətən ya valideyinləri, ya da qohumları tərəfindən küçə həyatına atılır. Bu kateqoriya ilə işlər aparılır. Pandemiyaya qədər Əmək Müfəttişliyi, eyni zamanda DİN-lə bərabər reydlər keçirilirdi. Hətta internet kafelərdə və digər ictimai yerlərdə də uşaqların hüquqlarının pozulması halları aşkarlanırdı. Bu işdə valideyin məsuliyyəti önəmli rol oynayır və bu gün də gündəmdədir.
Valideynləri və qohumları tərəfindən qeyri qanuni işlərə cəlb olunan uşaqlarla bağlı tədbirlər görülür.
Qonşu ölkələrlə müqayisədə bizdə uşaq əməyinə məcbur edilən kateqoriya azdır. Bu da yalnız küçə uşaqları ilə bağlıdır. Dövlət Komitəsi bunun qarşısını almaq üçün media resursları və sosial şəbəkələr vasitəsi ilə maarifləndirici işlər görür. Həssas kateqoriyaya məxsus valideyinlərlə bu məsələ danışılır, onlara dəstək göstərilir.
Dövlət komitəsinin ailələrə və uşaqlara dəstək mərkəzləri var. Həmin kateqoriyadan olan uşaqlara psixoloji, sosial və hüquqi dəstək göstərilir.
Bu mexanizm Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. Ona görə də nəticələrimiz qənaətbəxşdir. Həmin uşaqların təhsilə cəlb edilməsi üçün işlər görülüb. Valideyin himayəsindən məhrum uşaqları xüsusi müəssisələrə yerləşdirmişik. Onları daim diqqət mərkəzində saxlayırıq”.
Vəli Həsənov,
KONKRET.az